Modern.az

Dabaq xəstəliyi: Heyvanları kim peyvəndləməlidir? - Qurumlar məsuliyyəti bir-birinin üzərinə atdı

Dabaq xəstəliyi: Heyvanları kim peyvəndləməlidir? - Qurumlar məsuliyyəti bir-birinin üzərinə atdı

Ölkə

21 Oktyabr 2025, 11:16

Azərbaycanda dabaq xəstəliyinin sürətlə yayılması heyvanların peyvəndlənməsi məsələsini aktuallaşdırıb.

Modern.az sözügedən prosesin əhəmiyyətini nəzərə alaraq, iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı aparılan peyvəndləmə tədbirlərinə dair statistik məlumatları əldə etmək məqsədilə müvafiq qurumlara sorğu ünvanlayıb.

Kənd Təsərrüfatı Nazirliyi ünvaladığımız sorğuya cavab olaraq bildirib ki, peyvəndləmə prosesi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyəti daxilindədir. Nazirlik Agentliyin əsasnaməsinin 3.0.11-1-ci maddəsinə əsasın peyvəndləmənin AQTA tərəfindən aparıldığını bildirib.

Həmin maddəyə əsasən, AQTA-nın vəzifələrindən biri xüsusi təhlükəli heyvan xəstəlikləri baş verdikdə qoruyucu karantin, xüsusi baytarlıq tədbirlərinin və digər tədbirlərin həyata keçirilməsi qaydalarını müəyyənləşdirmək, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda qanunla müəyyən edilmiş hallarda və qaydada karantin və ya məhdudiyyət tədbirləri tətbiq etmək, heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli xammalın, baytarlıq preparatlarının, yem məhsullarının və yem əlavələrinin zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi olan göstərişlər verməkdir.

Ardınca Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq. Lakin Agentlik məsələnin Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətində olduğunu bildirib.

Beləliklə, təhlükəli xəstəliyin yayılması fonunda qurumlar məsuliyyəti bir-birinin üzərinə atır.

Məsələ ilə əlaqədar olaraq kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, iri və xırdabuynuzlu heyvanların peyvəndlənməsi ilə bağlı işlərin həyata keçirilməsində məsul qurum Kənd Təsərrüfatı Nazirliyidir.

Onun sözlərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əsas funksiyası isə peyvəndləmə deyil, heyvan mənşəli məhsulların məsələn, ət və südün keyfiyyətinə və təhlükəsizliyinə nəzarət etməkdir:

“Peyvəndləmə işlərini təşkil və icra etməli olan məsul qurum isə Kənd Təsərrüfatı Nazirliyidir və bu prosesə nəzarət Nazirliyin nəzdində fəaliyyət göstərən qurum tərəfindən aparılmalıdır.

Vaksinlərin alınması, baytar həkimlərinin hazırlanması və bölgələr üzrə yerləşdirilməsi, hansı regionda baytar çatışmazlığının olduğunu müəyyən edib həmin bölgələrə kadrların göndərilməsi və ümumilikdə sistemin təşkil olunması məhz bu qurumun öhdəsinə düşür”.

Ekspert, həmçinin qeyd edib ki, kənd təsərrüfatı nazirinin müavinlərindən biri mütləq baytar olmalı və heyvanların sağlamlıq durumuna nəzarət bu şəxsə həvalə edilməlidir:

“Birinci müavin aqronom olmalı, nazirin özü isə peşəkar aqronom olmalıdır, çünki kənd təsərrüfatı sisteminin düzgün qurulması üçün rəhbərlikdə ixtisaslaşmış şəxslər olmalıdır. Nazirlikdə iqtisadçı və ya hüquqşünas deyil, sahəni bilən peşəkar kadrlar çalışmalıdır. Aqronom kifayət qədər məhsul istehsal etməzsə, heyvandarlığın inkişafı mümkün olmayacaq, çünki heyvandarlıq bitkiçilik məhsullarından asılıdır”.

O, eyni zamanda nəzərə çatdırıb ki, heyvanlar normal və balanslaşdırılmış şəkildə qidalanmadıqda onların immun sistemi zəifləyir, bu da xəstəliklərə qarşı müqaviməti azaldır:

“Baytar həkimin əsas vəzifəsi isə profilaktik tədbirlər görmək və heyvan xəstələndiyi halda operativ şəkildə müalicə prosesini təşkil etməkdir. Bütün bu işlərin effektiv və davamlı şəkildə həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin tərkibində mütləq peşəkar və sahəni bilən mütəxəssislər olmalıdır”.

V.Məhərrəmov onu da əlavə edib ki, konkret peyvəndlənmə məsələsinə gəldikdə isə, ilk növbədə onu vurğulamaq vacibdir ki, peyvəndlər vaxtında vurulmur:

“Vaxtında vurulsaydı, heyvanlar arasında dabaq xəstəliyinin yayılması və digər belə hallar baş verməzdi. Digər bir məqam isə əgər vaxtında peyvəndlənmə aparılıbsa, deməli vaksinlərin keyfiyyəti aşağı olub. Bu da araşdırılmalı və ictimaiyyətə faktlar təqdim olunmalıdır”.

Ekspert sözügedən problem fonunda yem bazasının zəifliyinə də diqqət çəkib:

“Son illərdə xırdabuynuzlu heyvanların sayı 2 milyona, iribuynuzlu heyvanların sayı isə 400 minə qədər azalıb. Yem bazası zəiflədiyi üçün heyvanların immuniteti də zəifləyib. Bu isə immunitetin azlığı səbəbindən, onları hər cür xəstəliyə qarşı müdafiəsiz edir. Əgər heyvanlar düzgün yemlənsə və onlara qayğı göstərilsəydi, bu xəstəlik belə geniş yayılmazdı.

Əsas məsuliyyətli orqanlar bu vəziyyəti nəzarətsiz buraxıb. Təəssüf ki, Azərbaycanda baytar həkimlərinin sayı çox azdır. Olanların da bir çoxu təcrübəsizdir. Təcrübəli baytarlar isə barmaqla sayılacaq qədər azdır və onların da əksəriyyəti yaşlı nəslə aiddir. 35 ildir müstəqil olsaq da, bu sahədə kadr hazırlığı demək olar ki, hələ də müsbət nəticə verə bilmir”.

Mütəxəssisin sözlərinə görə, əvvəllər yetişdirilən aqronomlar, zootexniklər və baytarlar ya azdır, ya da artıq təqaüd yaşındadırlar:

“Bu sahədə təhsil alanların sayı çox azdır. Halbuki, bu, ən vacib sahələrdən biridir. Nəzərə alınmalıdır ki, baytarlar “danışmayan” canlıların müalicəsi ilə məşğul olduğu üçün daha savadlı və diqqətli olmalıdırlar".

O, həmçinin vurğulayıb ki, Azərbaycan kənd təsərrüfatı ölkəsidir. 

“Neft gəlirləri azalır, iqtisadiyyatımızın davamlılığı üçün kənd təsərrüfatı əsas prioritet sahə olmalıdır. Hazırda isə təəssüflə qeyd edirik ki, kənd təsərrüfatı iflasa uğrayır. Habelə heyvandarlıq və bitkiçilik sahələri sürətlə zəifləyir. Statistikalar isə onu göstərir ki, məhsuldarlıq da azalmaqda davam edir. Bunun əsas səbəbi isə kadr çatışmazlığı və qeyri-peşəkar idarəçilikdir”,- deyə V.Məhərrəmov fikrini tamamlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin gizli əlaqələri - Xəyanət haradan başladı?