Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Tokayev ilə mətbuata bəyanatında məlumat verib.
"Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - dövlət başçısı bildirib.
Modern.az-ın məlumatına görə, Ermənistan rəsmiləri Prezident İlham Əliyevin açıqlamasına münasibət bildiriblər.
Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan sosial şəbəkədə paylaşımında qeyd edib ki, bu qərar regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq Ermənistan ilə Azərbaycan arasında sülhün institusionallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan da məsələ ilə bağlı açıqlama verərək Prezident İlham Əliyevin bəyanatını “əhəmiyyətli addım” kimi qiymətləndirib. “Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmlənməsi və sülh gündəliyinin irəliləməsi baxımından önəmlidir. Azərbaycan və Qazaxıstandakı həmkarlarımın bu istiqamətdəki səylərini yüksək qiymətləndirirəm”, - deyə Qriqoryan bildirib.
Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan isə “Facebook” hesabında bildirib ki, yaxın günlərdə Qazaxıstandan Ermənistana ilk buğda partiyası Aktau – Bakı marşrutu üzrə gələcək. Yük Azərbaycandan və Gürcüstandan keçərək Ermənistana çatdırılacaq. Nazir paylaşımında “Sülh bərqərar oldu” ifadəsini yazıb.