Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin son illərdə Azərbaycana 6 dəfə səfər etməsi , işğaldan azad edilmiş ərazilərdə olması, Füzuli şəhərində Kurmanqazı adına Uşaq incəsənət Mərkəzinin tikintisinə sərəncam verməsi və ən möhtəbər tədbirlərdə dövlətimizin haqlı mövqeyini dəstəkləməsi ölkələr arasında dostluğun, qardaşlığın aydın ifadəsidir.
Cənab İlham Əliyev də son üç ildə yeddi dəfə Qazaxıstana səfər etmiş və qarşılıqlı səfərlər zamanı iqtisadi-ticari, nəqliyyat, mədəni-humanitar, elm, təhsil, turizm və digər sahələrdə 170 əhəmiyyətli sənəd imzalamışdır.
Qazaxıstan-Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasından keçən 20 il ərzində iki ölkənin əməkdaşlıq münasibətləri olduqca genişlənmişdir. Keçən ildə ölkələr arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil etmiş, bu ilin səkkiz ayı ərzində isə bu rəqəm 547 milyon dollara çatdırılmışdır.
Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika, neft-qaz, Yaşıl energetika, Kənd təsərrüfatı əməkdaşlığı durmadan inkişaf edir. Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi uğurla davam etdirilir.
Hər iki ölkə Türk Dövlətləri Təşkilatında böyük rol oynayır və ən möhtəbər tədbirlərdə birgə mövqeydən çıxış edirlər.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibəsində qarşılıqlı əməkdaşlıq, sağlam dostluq, qardaşlıq münasibətləri aydın şəkildə ifadə edilmişdir. Qazaxıstana səfər öncəsi verilmiş bu müsahibədə əksini tapan ifadələr iki dost dövlətin uğurlarından xəbər verməklə, gələcək əməkdaşlığa yeni yollar açır. İqtisadi münasibətlər bütövlükdə türk dünyasının güclənməsinə hesablanmışdır və xalqların xoşbəxtliyinə xidmət edir.
Prezidentimizin qeyd etdiyi kimi “Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir”. Bu gün Azərbaycan-Qazaxıstan münasibətləri özünün ən yüksək inkişaf mərhələsindədir. İki qardaş ölkənin uğurları dövlətləri və xalqları birləşdirməklə daha böyük uğurlardan xəbər verir.
Tahir Rzayev
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri