Cənubi Qafqazda dayanıqlı sülhün qurulması istiqamətində addımlar atıldıqca, həm region dövlətlərinin rəsmi nümayəndələrinin, həm də vətəndaş cəmiyyəti institutlarının bu prosesdə daha fəal iştirakı məsələsi gündəmə gəlir. Bu xüsusda, Azərbaycan və Ermənistan arasında aparılan danışıqların yalnız siyasi müstəvidə deyil, ictimai səviyyədə də dəstəklənməsi ehtiyacına diqqət artır. Sözügedən kontektsdə Azərbaycanda fəaliyyət göstərən QHT-lərin Ermənistana səfərinin reallaşması məsələsi gündəmə gəlir.
Modern.az-a açıqlamasında Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları kontekstində qarşıda duran əsas vəzifələrdən biri də tərəflər arasında etimad mühitinin gücləndirilməsidir.
“Bu baxımdan, cəmiyyətlərin sülhə hazırlanması və vətəndaşlar arasında ünsiyyətin qurulması xüsusi önəm daşıyır. Etimad mühitinin möhkəmləndirilməsi və cəmiyyətlərarası barışığın təşviqi üçün vətəndaş cəmiyyəti institutları arasında dialoq platformalarının yaradılması da mühüm istiqamətlərdən biri sayılır”.
O, həmçinin bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni hazırlanıb və bu sənəddə sülh quruculuğuna dair mexanizmlərin tətbiqi nəzərdə tutulur.
“Həmin mexanizmlərdən biri də vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq ola bilər. Bu əməkdaşlığa gənclər, qadınlar və sülh quruculuğu sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT-lər) daxil edilə bilər. Onların birgə müzakirələri, atacaqları ortaq addımlar və müxtəlif maneələrin aşılması istiqamətində həyata keçirəcəkləri təşəbbüslər sülh prosesinə mühüm töhfə verə bilər. Beynəlxalq təcrübədə bu kimi təşəbbüslərə geniş şəkildə rast gəlinir”.
Müsahimiz onu da nəzərə çatdırıb ki, Azərbaycan danışıqlar müddətində hər zaman sülhə hazır olduğunu nümayiş etdirib:
“Cənab Prezident İlham Əliyev də bəyan edib ki, Ermənistana yük tranziti ilə bağlı bütün maneələr aradan qaldırılıb. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və bu prosesdə ardıcıl və prinsipial mövqe nümayiş etdirir. Habelə, digər sahələrdə də Azərbaycan eyni yanaşma ilə çıxış edir”.
Onun sözlərinə görə, burada əsas məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür:
“Unutmaq olmaz ki, 35 il əvvəl Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunmuşdu. İndiki mərhələdə insanlar arasında barış və birgəyaşayış prinsiplərini təşviq etmək üçün Ermənistan vətəndaş cəmiyyəti daha fəal və təşəbbüskar mövqe sərgiləməlidir. Bu istiqamətdə cavabdehlik də ilk növbədə onların üzərinə düşür. Təbii ki, Azərbaycan tərəfi də bu prosesdə öz dəstəyini göstərə bilər”.
Z.İbrahimli Azərbaycanın QHT nümayəndələrinin Ermənistana səfəri məsələsinə də diqqət çəkib:
“Azərbaycan QHT nümayəndələrinin Ermənistana səfərləri məsələsinə gəlincə, əgər sülh və etimad quruculuğu tədbirlərinə QHT-lər cəlb ediləcəksə, qarşılıqlı səfərlərin reallaşması mümkündür. Lakin bu səfərlər konkret predmetə və məqsədə xidmət etməlidir. Ən vacibi isə odur ki, sözügedən səfərlər mövcud fikir ayrılıqlarını daha da dərinləşdirməməli, əksinə, sülhə və qarşılıqlı anlaşmaya xidmət etməlidir. Bununla yanaşı, səfərlərin planlaşdırılması əvvəlcədən ciddi şəkildə aparılmalı və praktiki nəticə verə biləcək istiqamətlər üzrə həyata keçirilməlidir”,- deyə o fikrini tamamlayıb.