General-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minib.
İlqar Abbasov 11 aprel 1975-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
O, 1996-cı ildə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında daimi qulluğa qəbul olunub, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda, Lənkəran və Səbail rayon prokurorluqlarında, Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğunda prokuror köməkçisi və idarə prokuroru, eləcə də Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini, Bakı şəhər prokuroru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə İlqar Abbasova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. 15 iyul 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub və ona general-mayor ali hərbi rütbəsi verilib.
28 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.