Modern.az

Ramiz Mehdiyev “91”lərə qısqanclıqla yanaşıb - Məşhur YAP-çıdan AÇIQLAMA

Ramiz Mehdiyev “91”lərə qısqanclıqla yanaşıb - Məşhur YAP-çıdan AÇIQLAMA

Ölkə

25 Oktyabr 2025, 12:55

Cinayət məsuliyyətinə cəlb edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ətrafında müzakirələr davam edir. Onun Ümummilli Lideri Heydər Əliyevi hakimiyyətə dəvət edən "91"lərə münasibətinin mənfi olduğu barədə də iddialar səsləndirilib.

Qeyd olunur ki, Mehdiyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucuları hesab edilən "91"ləri dağıtmağa cəhd edib, onları pərən-pərən salıb.

1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalının müraciəti zaman-zaman müzakirə mövzusu olub. Onlar vaxtilə Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuşdular.

Mərhum eks-prezident Heydər Əliyev YAP-ın 10 illik yubileyindəki çıxışında “91-lər” barədə belə demişdi:

“91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm”. 

Heydər Əliyevin vəfatından sonra YAP-da “91-lər”ə münasibət birmənalı olmadı, dəyişdi. Onların bəziləri vəzifədən, tutduqları postdan uzaqlaşdırldı. Hətta bir çoxlarının yaddan çıxdığını da söyləmək olar.

Modern.az "91"lərdən olan Südeyf İmamverdiyevlə əlaqə saxlayıb.

Sabiq deputat bildirib ki, Yeni Azərbaycan Partiyasının (YAP) qurucuları hər zaman Ramiz Mehdiyevin "91"lərə qarşı qısqanclıqla yanaşdığını düşünüblər.

“Mən həmişə “91”lər arasında eşitmişəm ki, bizə qarşı mənfi düşüncədə olanlar çox olub. Bəziləri bilavasitə öz fəaliyyətlərində bunu göstərib. Bunun arxasında Ramiz Mehdiyevin durduğu ilə bağlı da fikirlər vardı. Yeni Azərbaycan Partiyasını yaradan şəxslər arasında belə fikirlər vardı ki, Ramiz Mehdiyev "91"lərə çox qısqanclıqla yanaşır”, - o qeyd edib.

Qeyd edək ki, professor Südeyf İmamverdiyev Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Milli Məclisin keçmiş deputatıdır (1995–2005). O, hazırda Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri vəzifəsində çalışır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı