Bu il “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində 93 nəfər “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nı qazanıb. Onlar ölkənin 57 rayonu və 16 şəhərini təmsil edirlər. Gənc qızlar arasında bu layihə getdikcə daha da populyarlaşır. Ölkənin dörd bir yanından bizə artıq müraciətlər daxil olur.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində bildirib.
O qeyd edib ki, hər il olduğu kimi bu il də Bakı Dövlət Universiteti 23 nəfər tələbə ilə təqaüd proqramını qazanan lider universitet olub.
B. Muradova vurğulayıb ki, bu il ilk dəfə Naxçıvandan 14 nəfər layihəyə qoşulub.
“Xüsusilə təqaüdçülərimiz arasında mühəndislik, texnologiya, informasiya sahələrində təhsil alan qızlarımız ön plandadır. Bu da qızlar arasında qeyri-ənənəvi peşələrə marağın artdığını göstərir”, – deyə Komitə sədri bildirib.
Neft-qaz və data analitika sahəsində oxuyan qızlar ilk dəfə bu il layihənin qalibi olublar.
“2025-ci ildə ən yüksək nəticə Zeynəb Ağaməmmədovaya məxsusdur. O, Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsidir”.
Komitə sədri sonda qeyd edib ki, bu müddət ərzində 238 qız bu proqramdan yararlanıb. Ümumilikdə isə hazırda 429 qızın təhsilinə dəstək göstərilir.