2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalacağı nəzərdə tutulub.
Modern.az ayrılan vəsaitin azalmasının səbəbini müəyyənləşdirmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, icbari tibbi sığorta fonduna ayrılan vəsaitdəki dəyişiklik maliyyə təminatının mövcud ehtiyatlar hesabına həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edilib ki, dövlət tərəfindən səhiyyə sahəsinə göstərilən qayğının nəticəsi olaraq bu sahəyə ayrılan vəsaitlər ildən-ilə artır: "Səhiyyə sahəsinə dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq, bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən ilə artmaqdadır. Belə ki, 2026-cı il üçün icmal büdcənin səhiyyə xərcləri 3 milyard 746 milyon manat müəyyən edilmişdir. Bu 2024-cü il ilə müqayisədə 1 milyard 70 milyon manat və ya 40 faiz, 2025-ci il ilə müqayisədə isə 227 milyon manat və ya 6,4 faiz çoxdur. Son 5 ildə ümumilikdə səhiyyə xərcləri mütləq ifadədə 2.3 milyard manat və ya 2.6 dəfə artmışdır".
Əlavə olaraq Agentlikdən verilən məlumata görə, 2026-cı ildə icbari tibbi sığorta fondunun xərclərinin maliyyələşdirilməsi məqsədilə gəlirlərinin diversifikasiyası aparılıb, icbari tibbi sığorta haqları, dövlət büdcəsindən ayrılan vəsait və fondun əvvəlki illərdə formalaşmış ehtiyat vəsaitləri hesabına zəruri maliyyə təminatı tam təmin edilib.
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi gələn il də Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlərin maliyyələşməsini genişləndirəcək. Hazırda Agentlik Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin sığorta hesabına qarşılanması istiqamətində işlər aparır”,- məlumatda deyilir.