Ötən ilin dekabr ayında Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin həlak olan ekipaj üzvləri - Milli Qəhrəmanlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyevanın II Fəxri Xiyabandakı məzarları üzərində büstləri qoyulub.
Modern.az abidəni ərsəyə gətirən Xalq rəssamı, heykəltəraş Natiq Əliyevlə əlaqə saxlayıb.
Natiq Əliyev qeyd edib ki, ötən ilin dekabrında - hadisə baş verəndən sonra rəhbərlik abidələrin hazırlanması yönündə işlərə başladı:
"Reaksiya tez verildi, işə vaxtında başlandı. Amma proses xeyli vaxt aldı. Büstlərin hazırlanması çox vaxt apardı, çünki hər bir ailə ilə ayrılıqda görüşmək, foto - video materialları toplamaq lazım idi. Birinin anası-atası, birinin bacısı, qardaşı, digərinin yoldaşı, uşaqları gəlirdi. İş əvvəlcə gildə işlənir ki, əzizləri öz fikirlərini dedikdə düzəlişlər etmək mümkün olsun. Ailələr gildə baxıb bəyəndikdən sonra biz onu digər daş materiala - qranitə köçürürük".

Heykəltaraş bildirir ki, ümumilikdə abidə üzərində 8 aya qədər işləyib: “Onların üzərində 8 ay işlədim. Bütün yay emalatxanada bu işlə məşğul olmuşam. İş bir həftə əvvəl başa çatdı. Çünki hazırladığım sadəcə bir büst deyildi, onun ətrafı, döşəməsi, qraniti də olmalı idi. Həmçinin beton işləri, onun posdamentləri, yazıları, materialın seçilməsi, quraşdırılması məsələləri də xeyli vaxt alır”.
O bildirib ki, büstlərə qəbirüstü abidə demək düzgün deyil, bu memorial abidədir. "Onların hamısı da bir döşəmənin üzərindədir və ona kompleks kimi baxılmalıdır”- deyə Natiq Əliyev bildirib.
N. Əliyev vurğulayıb ki, abidələrin hazırlanması zamanı ekipaj üzvlərinin İkinci Fəxri xiyabanda dəfn olunmasını da nəzərə almaq lazım idi:
“Oranın şəraitini də nəzərə almaq lazım idi. Abidələri çox böyük, çox kiçik də etmək olmaz. Müəyyən standartlar da var. Fəxri Xiyabanda hər kəs bizə əzizdir, amma əsas fərq ondan ibarət idi ki, ekipaj üzvlərinin abidəsi bir yerdə idi. Onları birləşdirən qəhrəmanlıqları abidədə bu cür izah olunmalı idi”.

Ailələrlə görüşlərindən də danışan heykəltaraş bildirib ki, hər ailə bir neçə dəfə gildən hazırlanan ilkin versiyaya baxıb. Onlarla danışmaq isə Natiq Əliyev üçün çox çətin olub:
“Gəlirdilər, hadisələr yenə yadlarına düşürdü, göz yaşlarını saxlaya bilmirdilər. Birinin oğlu gəlirdi, birinin həyat yoldaşı, birinin ata-anası. Bir ailə də deyildi, üç ailə idi. Hamısı dərdli gəlirdi. Sən də gərək onların dediklərini nəzərə alasan, üstəlik professional heykəlin də öz dili var axı. Bu rəngkarlıq deyil ki, qara qaş, qara göz edəsən. Burada hər şey bir materialda olur, amma eyni effekti verməlidir. Heykəlin dili çətindir, ağırdır, amma buna baxmayaraq, şükür Allaha ki, onlara layiqli kompleks alındı”.
Təyyarədə qəhrəmancasına həlak olmuş, insanlarımızın qoruyan ekipaj üzvlərinin qəhrəman obrazlarını saxlamaq lazım idi:
“Onların qəhrəmanlıqları nəzərə alınmalıdır. Bütün qəhrəmanlıqların göstərilməsi üçün büstün imkanları daha məhduddur. Əlbəttə ki, onların obrazlarında həm qəhrəman, həm də yaxşı insanlar olduğunu göstərməliydik. Mən videolara baxanda görürdüm ki, həmin adamlar şən, deyib-gülən adamlar olublar, amma həmin situasiyada bir növ cəngavərə də çevrildilər. Onların qəhrəmanlıqları elə simalarında var idi”.
“Mənim üçün ən əsası hər üçü qəhrəmanımızın abidəsinin eyni vaxtda hazırlanması idi, buna da nail olduq” – deyə sonda Natiq Əliyev bildirib.
