Modern.az

Xaricə köçən ata aliment öhdəliyindən azad deyil - DEPUTAT

Xaricə köçən ata aliment öhdəliyindən azad deyil - DEPUTAT

Ölkə

30 Oktyabr 2025, 13:08

Ölkəmizdə aliment ödəyən şəxslərin sayı az deyil və bu, ailə münasibətlərinin hüquqi tənzimlənməsi baxımından da mühüm göstəricilərdən biri sayılır. Lakin bəzi hallarda aliment ödənişləri ilə bağlı müəyyən mübahisələr yaranır. Boşanmış cütlüklərdən birinin, xüsusilə də kişinin ölkəni tərk edib xaricdə yaşaması bu məsələdə əlavə çətinliklər yaradır. Belə situasiyada aliment ödənişi bəzən ya yubadılır, ya da heç ödənilmir. Bu isə həm hüquqi, həm də sosial baxımdan məsuliyyətin hansı formada bölündüyü və kim tərəfindən daşındığı məsələsini aktuallaşdırır.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Günay Ağamalı bildirib ki, ata olmaq övladla birgə yaşadığın günlərlə məhdudlaşmır, eyni zamanda uşağın gələcəyinə, təhsilinə, sağlam böyüməsinə, mənəvi bütövlüyünə dayaq olmaqla davam edir.

“Azərbaycan qanunvericiliyinə əsasən, aliment ödəməli olan şəxs xarici ölkəyə daimi yaşamaq üçün getdiyi andan etibarən, bu öhdəliyini yerinə yetirməkdən azad edilmir. Əksinə, o, ya alimentin ümumi miqdarını tam şəkildə ödəməyə, ya da qarşı tərəfin ehtiyaclarına uyğun olaraq həmin məbləği əmlakının bir hissəsini verməklə əvəz etməyə borcludur. Eyni zamanda, xarici ölkəyə daimi yaşamaq üçün gedən şəxs qanunla saxlamağa borclu olduğu ailə üzvləri ilə alimentin ödənilməsi barədə qarşılıqlı saziş bağlaya bilər. Bu mexanizm həm uşağın sosial təminatını, həm də ailələr arasında mübahisələrin qarşısının alınmasını təmin edir”.

Deputat vurğulayıb ki, əgər şəxs bu öhdəliyi icra etməzsə, məsuliyyət həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq müstəvisində tənzimlənir:

“Ədliyyə orqanları və məhkəmə icraçıları belə hallarda həmin şəxsin xaricdəki gəlir və yaşayış imkanlarını müəyyənləşdirərək, alimentin ödənilməsini təmin etmək üçün beynəlxalq əməkdaşlıq mexanizmlərindən istifadə edirlər.

Ümumilikdə isə qanunun sərhədi olduğu yerdə vicdanın məsuliyyəti başlayır. Uşaq atasının qayğısını yalnız “məhkəmə qərarı” ilə deyil, ata sevgisi ilə hiss etməlidir. Əgər bir valideyn övladına borcunu yalnız hüquqi öhdəlik kimi qəbul edirsə, demək, o, ata adının mənəvi yükünü dərk etmir”.

O, həmçinin qeyd edib ki, cəmiyyətin əsas dayağı olan ailə institutunun sağlam qalması üçün hüquqi mexanizmlər zamanın tələbinə uyğun olaraq təkmilləşdirilir:

“Valideyn məsuliyyəti ictimai şüurda möhkəmləndirilməlidir. Dövlətin və qanunun təmin etdiyi ədalət, vicdanın təmin etdiyi məsuliyyətlə birləşdikdə, nə ana, nə də uşaq ədalətsizliyin qurbanı olacaq.

Ümumiyyətlə, cəmiyyət olaraq çalışmalıyıq ki, heç bir uşaq valideyin qayğısından məhrum olmasın. Biz bu tip mənfi situasiyanın maddi tərəflərindən daha çox mənəvi boşluqları üzərindən gənclərimizi, yeni qurulan ailələrimizi manipulyasiya etməliyik ki, bunun uşaqların yaddaşına həkk olunan travmaları aydın qavranılsın”,- deyə G.Ağamalı bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq