 
                                Türkiyədə məşhur vəkil Sərdar Oktemin qətli ilə bağlı axtarışda olan Azərbaycan vətəndaşı Əli Gülmalızadə Moskvada saxlanılıb.
Modern.az-ın məlumatına görə, oktyabrın 23-də Rusiya paytaxtının mərkəzindəki restoranlardan birində keçirilən əməliyyat zamanı Əli Gülmalızadə nahar etdiyi zaman polis tərəfindən həbs edilib.
Axtarış zamanı onun üzərindən qanunsuz odlu silah aşkarlanıb. Saxlanılan şəxs silahın özünə və onu müşayiət edən adamlara məxsus olduğunu etiraf edib.
Türkiyə mediasının məlumatına görə, Gülmalızadə “Daltonlar” adlı cinayətkar dəstənin rəhbəridir və “Əlican Çakır” ləqəbi ilə tanınır. O, oktyabrın 6-da İstanbulun Şişli rayonunda baş verən Sərdar Oktemin qətlinin sifarişçisi olmaqda ittiham olunur.
Oktem MHP-yə yaxın vəkil olub və bir vaxtlar “Ülkü Ocaqları” gənclər təşkilatının sabiq rəhbəri Sinan Ateşin qətlinə dair işdə adı keçirdi.
İstintaq materiallarına görə, Oktem Şişli rayonunda, Zincirlikuyu qəbiristanlığının yaxınlığında avtomobildə güllələnərək öldürülüb.
İş üzrə 9 nəfər saxlanılıb, onların arasında iki yeniyetmə də var. Daha dörd nəfərə qarşı isə məhkəmə nəzarəti tədbiri tətbiq edilib.
23 yaşlı S.O. adlı şübhəli ifadəsində bildirib ki, “Daltonlar”ın üzvüdür və Gülmalızadə ilə "FaceTime" proqramı vasitəsilə əlaqə saxlayıb:
“O, ailəmi öldürməklə hədələdi. Mən də əmri yerinə yetirməyə məcbur oldum. Əlican Çakır bizə hədəfin şəklini və yerini göndərdi. Sərdar Oktemin avtomobili yaxınlaşanda atəş açdıq.”
Onun sözlərinə görə, hücumdan sonra qrup üzvləri Arnavutköy rayonuna qaçıb. Gülmalızadə isə videobağlantıda “Caaner üçün intiqam alındı!” deyə qışqırıb.
İstintaqın ilkin versiyasına əsasən, qətlin motivi mafiya qrupları arasındakı düşmənçilik olub.
Oktem rəqib “Kasperlər” dəstəsinə hüquqi yardım göstərib və bu, “Daltonlar”ın lideri Gülmalızadənin qəzəbinə səbəb olub.
Hazırda Türkiyə və Rusiya arasında Gülmalızadənin ekstradisiyası ilə bağlı hüquqi prosedurlar başlayıb.
Türkiyə prokurorluğu onun mütəşəkkil cinayətkar qrupun rəhbəri, sifarişlə qətl və qanunsuz silah saxlama maddələri ilə ittiham olunmasını tələb edir.
Elnur Əmirov