Son günlər rayonlarda torpaqların alğı-satqısı geniş vüsət alıb. Belə ki, əvvəllər kənd təsərrüfatı məqsədilə istifadə olunan torpaq sahələri indi getdikcə daha çox satış obyektinə çevrilir. Daha dəqiq söyləsək, bir çox kənd sakini torpağını əkib-becərməkdənsə, satmağı daha məqsədəuyğun sayır.
Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev son dövrlər rayonlarda torpaq satışlarının artmasının əsas səbəbinin bir neçə amillə bağlı olduğunu bildirib:
“Əvvəla, bölgələrdə müəyyən hissə əhali üçün torpaq artıq iqtisadi aktiv deyil. Kimsə torpağı becərməyə maraq göstərmir, kimsə isə maddi ehtiyaclara görə satışa çıxarır. Bəzən ailələr köç edir, kənd təsərrüfatı ilə məşğul olmaq istəmir və torpaq “ölü aktivə” çevrilir. Digər səbəb isə fermerlik və aqrar layihələrə marağın artmasıdır. İri təsərrüfatlar sahələrini genişləndirmək üçün torpaq almağa çalışırlar”.
Deputat insanların torpağı istifadə etmədən satmasının səbəbini isə belə izah edib:
“İnsanların torpağı istifadə etmədən satmasına gəlincə, burada əsas problem kənd təsərrüfatında stimulların zəifliyidir. Kiçik və orta fermer üçün məhsul istehsalının maya dəyəri yüksək, gəliri isə çox zaman aşağı olur. Texnika, suvarma, gübrə, toxum və satış bazarının təşkilində çətinliklər var. İstehsalçı qazana bilmirsə, torpaq onun gözündə dəyərini itirir. Bu da satışı sürətləndirir”,- deyə o əlavə edib.
Sədr müavini onu da qeyd edib ki, eyni şəxsin bir neçə vətəndaşdan torpaq alması həm iqtisadi, həm də sosial risklər yaradır:
“Bir tərəfdən torpaq müəyyən adamlarda toplanır, bu isə regionlarda aqrar balansın pozulmasına və süni qiymət artımına səbəb ola bilər. Digər təhlükə odur ki, torpağı alan şəxslər onu real istehsala cəlb etmirsə, sadəcə gözləyib dəyərinin artmasını hədəfləyirlərsə, həmin sahələr yenə boş qalır və ölkənin kənd təsərrüfatı potensialı istifadə olunmur. Bu tendensiya onu göstərir ki, torpaq bazarının daha şəffaf, planlı və dövlət nəzarəti ilə idarə olunmasına ehtiyac var. Torpaq satmaqdan daha önəmlisi, onun istifadə olunması və dəyər yaratmasıdır”,- deyə R.Nurullayev bildirib.