Modern.az

Azərbaycanın C5+1 platformasına qoşulması labüddür – Komitə sədri

Azərbaycanın C5+1 platformasına qoşulması labüddür – Komitə sədri

Ölkə

7 Noyabr 2025, 17:16

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşüb.

2015-ci ildə əsası qoyulmuş “C5+1” platforması həm də strateji tərəfdaşlıqların dinamikasını müəyyənləşdirir. Bu addım regional sabitlik, ticarət marşrutları və enerji diplomatiyası baxımından yeni imkanlar yaradır.

Azərbaycanın da daxil olduğu region üçün bu proses həm siyasi çəkisini artırmaq, həm də qlobal güclərlə balanslı münasibət qurmaq baxımından strateji əhəmiyyət daşıyır.

Milli Məclisin Komitə sədri Zahid Oruc Orta Asiya ilə Vaşinqton arasında bağlanan C5+1 müqaviləsinin Azərbaycan üçün hansı əhəmiyyəti kəsb etdiyi və ölkəmizin təşkilata üzvlüyü haqqında Modern.az-a danışıb.

Deputat qeyd edib ki, Vətən müharibəsində qələbəmiz Azərbaycanın geosiyasi və beynəlxalq mövqelərini gücləndirib və çəkisini artırıb. Daha həlledici status qazandırıb. Digər tərəfdən, müharibənin nəticəsində Qafqazda formalaşan təhlükəsizlik mühiti öz-özlüyündə ona imkan verəcək ki, regionda daha mühüm qlobal layihələr reallaşa bilsin: 

“Cənab Prezident dəfələrlə söyləyib ki, işğal təkcə iki dövlətə deyil, bütün Qafqaza baha başa gəlib. Və təsadüfi deyil ki, digər regionlarla müqayisə edilərək qənaətə gəlinir ki, region həqiqətən də, əvvəldən vahid olsaydı, bölgədə iqtisadi və siyasi güc indi daha artıq olardı”. 

MM üzvü bildirib ki, C5+1 Orta Asiya və Vaşinqton arasında bir format idi. İndi isə zəfərimizin təsiri ilə sazişin əhəmiyyəti daha böyükdür və müqavilənin tərəfdaşları arasında əlaqələr daha da genişlənib: 

“BMT-nin sessiyasında Qazaxıstan Prezidenti 8 milyard dəyərində razılaşma həyata keçirdi. Özbəkistan 35 milyard real investisiyanın 100 milyard potensiala qədər artıracağını söylədi”. 

Deputat vurğulayıb ki, Orta Asiya nadir torpaq elementləri ilə zəngindir və regiona ABŞ-nin xüsusi marağı var. Ərazinin zənginliyi Rusiya və Çini də regiona diqqət göstərməyə vadar edir:

“Qazaxıstan artıq vurğulayıb ki, C5+1 layihəsində Azərbaycan önəmli bənddir. Azərbaycan qovşaq kimi həm də böyük Orta Asiyanın tərkib hissəsidir.  Ölkəmizin siyasəti Yaxın Şərq, Orta Asiya və Qafqazın birləşdirilməsidir. Azərbaycan qarşıdakı razılaşmalarda bu statusda çıxış edəcək”. 

Z.Oruc deyib ki, Prezident İlham Əliyev öz strategiyası hesabına belə qlobal təşəbbüslər irəli sürür. Bu zaman həm bölgə dövlətlərinin maraqları nəzərə alınır həm də regional müstəvidə heç bir ölkəyə zərər dəymədən siyasi kurs yaradılır. Yəni faktiki olaraq geosiyasi mənzərəni Azərbaycan yaradır: 

“Azərbaycanın C5+1 layihəsinə qoşulması reallığı 8 avqust müqaviləsindən sonra daha da aktuallaşıb və yaxınlaşıb. Zəngəzur dəhlizi planı isə Orta Asiya və Cənubi Qafqazın yeni reallıq yaratmasına zəmin yaradıb. Qazaxıstan taxılı 30 illik məhdudiyyətdən sonra bizim ərazimizdən Ermənistana ixrac olundu.  ABŞ-nin Azərbaycana marağı da onun belə əhəmiyyətli tranzit ölkə olmasındadır. Azərbaycan tərəfi də bu yöndə iqtisadi mənfəətlər əldə edəcək və dominant rol oynayacaq”. 

Cavid Zahidoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var