Xəbər verdiyimiz kimi, Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyasının İdarə Heyəti bu gün iclas keçirib. İclasda sonuncu qurultayda partiyanın sədri seçildiyini elan edən Elçin Ağamalının təşkilatdan çıxarılmasına qərar verilib.
Modern.az-a açıqlamasında Elçin Ağamalı partiyadan çıxarılmasını mətbuatdan öyrəndiyini bildirib.
"Partiyadan xaric edilməyimlə bağlı məlumatı mən də mediadan oxudum, bu barədə geniş fikir bildirmək istəmirəm. Ədliyyə Nazirliyinə sənədlərimizi vermişik. Nazirlik məsələyə hüquqi qiymət verdikdən sonra fikrimizi bildirib, hansı addımları atacağımızla bağlı fikrimizi bildirəcəyik”, - o deyib.
Xatırladaq ki, oktyabrın 25-də qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub.
Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib.
Elçin Ağamalı növbədənkənar qurultayında partiyanın yeni sədri seçildiyini iddia edib. O qeyd edib ki, qurultay nümayəndələrinin ona münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışıb, buna baxmayaraq, 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçilib.