"44 günlük Vətən müharibəsi başladıqdan sonra Azərbaycana qarşı siyasi-diplomatik təzyiqlər də başladı və Azərbaycan hərbi uğurlar qazandıqca, bu təzyiqlər həndəsi silsilə ilə çoxaldı və hətta təhdidlərə keçdi".
Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İctimai Televiziyada yayımlanan "Təmas xətti" verilişində danışıb.
Onun sözlərinə görə, həmin günlərdə Fransa Prezidenti Emmanuel Makron dəfələrlə telefon zəngi edərək Azərbaycanı təhdid edib.
"Fransa prezidenti deyirdi ki, siz dərhal dayanmalısınız. Əgər bu baş verməsə, biz Fransa olaraq Dağlıq Qarabağı tanıyacağıq. Dərhal da Azərbaycan Prezidentindən cavab almışdı ki, siz bunu edə bilərsiniz, amma bu bizim üçün heç nəyi dəyişməyəcək. Siz əmin ola bilərsiniz ki, Azərbaycan dərhal Fransa ilə bütün diplomatik münasibətləri kəsəcək", - deyə nazir dövlət başçısının Makrona cavabını açıqlayıb.