Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində nəqliyyat sıxlığı yaşanır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, M2 - Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində bir müddətdir ki, təmir işləri icra olunur.:
"Təmirlə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir. Müvəqqəti dəyişiklik təmir işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir".
Təmirin bayram günlərində aparılması narazılığa səbəb olub.
Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə qeyd edib ki, bəzi magistral xətlər artıq uzun müddətdir yenidən qurulur.
“Həmin ərazilərdə tunel və körpülərin tikintisi də planlaşdırılıb. Bu işlərin aparılması ilə əlaqədar olaraq, artıq ikinci ildir ki, həmin istiqamətlərdə hərəkət edən sürücülər müəyyən narahatlıqlar yaşayırlar. Lakin bu, başa düşüləndir ki, plan üzrə görülən yenidənqurma işləridir. İşlər nə qədər tez başa çatdırılarsa, yenilənmiş və müasir tələblərə cavab verən yollar istifadəyə veriləcək, bu da şimal-qərb istiqamətində yerləşən istirahət zonalarına səfər edən vətəndaşlar üçün əlavə rahatlıq yaradacaq”.
Deputat bildirib ki, lakin əsas məsələ bəzi hallarda artıq istifadədə olan, ciddi problem yaratmayan yollarda da həftəsonları və bayram günlərində təmir-bərpa işlərinin aparılmasıdır:
“Baxmayaraq ki, bu işlər bəzən xırda xarakter daşıyır, ancaq istirahət və tətil günlərində onların həyata keçirilməsi nə başa düşüləndir, nə də qəbul edilən. Belə hallar həm əlavə sıxlığa, həm də qəza risklərinin artmasına səbəb olur”.
Sədr müavini vurğulayıb ki, təmir-bərpa işlərinin məhz iş günlərində avtomobil hərəkətinin daha az intensiv olduğu vaxtlarda aparılması məqsədəuyğundur:
“Çünki istirahət günlərində insanlar regionlara səyahət edir, həmin yollardan aktiv şəkildə istifadə edirlər. Məhz bu baxımdan, müvafiq qurumlar təmir və bərpa işlərinin planlaşdırılmasında bu məqamı mütləq nəzərə almalıdırlar”,- deyə deputat fikrini tamamlayıb.