Modern.az

Təsərrüfatçı mal-qaranı satıb maşın alırsa, dövlət nə etsin? – DEPUTAT 

Təsərrüfatçı mal-qaranı satıb maşın alırsa, dövlət nə etsin? – DEPUTAT 

Ölkə

12 Noyabr 2025, 14:24

Ölkədə heyvan mənşəli ət və ət məhsullarının qiymətləri artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə 2015-ci illə müqayisədə yerli bazarlarda ət və ət məhsullarının qiymətləri 184,4% artıb. 2023-cü ildə bu göstərici 178,5% olub. 

Statistikaya görə, 2024-cü ildə ölkədə ət və ət məhsulları istehsalı 386.223 ton, idxal 78.453 ton olub. Əhali 476.917 ton ət və ət məhsulları istehlak edib. 2023-cü ildə 379.726 ton istehsal, 66.751 ton idxal (cəmi 458.077 ton) olub. Beləliklə, 2024-cü ildə ət və ət məhsullarına tələbat 2023-cü ildəkindən 18.840 ton artıb.

Milli Məclisin üzvü Rövşən Muradov işğaldan azad olunmuş torpaqlarda heyvandarlığın yüksək səviyyəyə çatdırılması və bununla bazarda stabilliyə təkan verilməsinin mümkünlüyü ilə bağlı Modern.az-a açıqlama verib. 

O qeyd edib ki, ölkədə ətin qiymətində bahalaşma bir neçə faktorla bağlıdır. 

Deputatın fikrinə görə əhalinin istehlak tələbinə uyğun yerli istehsal yoxdur. Monqolustan, Qazaxıstan, Ukrayna, Gürcüstan hətta Braziliyadan ət tədarükü görülür: 

“Qarabağda hal-hazırda yenidənqurma işləri gedir, infrastruktur hazırlanır. Məsələ aktualdır. Dövlət də çalışır ki, Qarabağın yararlı, otlaqla zəngin torpaqlarından heyvandarlıq təsərrüfatında istifadə olunsun. Artıq iri və xırdabuynuzlu heyvanların saxlanmasına başlanılıb. Məsələ budur ki, hələ Qarabağ torpaqları tam imkanları ilə bu yöndə mənimsənilmir. Azad olunmuş torpaqlara cəmi 50 min nəfər köçürülüb. Köç edən şəxslərin hamısı təsərrüfatda çalışa biləcək şəxslər deyil. Fərqli peşə sahələrini təmsil edən şəxslər heyvandarlığı dirçəldə bilməz”. 

O bildirib ki, tarixən Azərbaycan post-sovet məkanında heyvandarlıq üzrə ön yerləri tutub. Sonrakı proseslərdə əhalinin kənddən şəhərə axını baş verdi. Bu hal təsərrüfatın zəifləməsinə ciddi əsasdır: 

“Heç kimi zorla kənd sakini edə bilmərik.  Amma əhalidə kənd həyatına maraq da yaratmaq lazımdır. Şəxs təsərrüfatla məşğuldursa, deməli, ailəsindən görüb və yaşadır. Bundan başqa, görülən işə maraq və sevgi də şərtdir”. 

R.Muradov qeyd edib ki, ətin qiymətinin bahalaşması dünyada gedən tendensiyadır. Avropa ölkələrində qiymət Azərbaycan bazarından yuxarıdır. Keyfiyyəti isə bizim istehsal qədər yüksək deyil:

“Hər bir halda qiymət artımı ehtimal olunan haldır. Yerli istehsala təkan veriləcəyi halda da bu baş verəcək. Dərman və yem bahalaşması, otlaq sahələrinin saxlanması, digər əlaqəli məhsul və xidmətlərdə qiymət artımı ət istehsalına da təsir göstərir”. 

Deputat vurğulayıb ki, hal-hazırda bölgələr üzrə sırf heyvandarlıqla məşğul olanlar da var:

“Laçında heyvandarlığın yaradılması üçün artıq infrastruktur qurulub. Cins heyvanlar gətirilib. Ağcabədi obalarında sakinlərin məşğuliyyəti tarixən elə heyvandarlıq olub. Bakı ətrafında da maldarlıq və qoyunçuluq mövcuddur. Məşğulluq xətti ilə heyvanların verilməsi davam etdirilir. Lakin təsərrüfatçı da düzgün istiqamət götürməlidir. Dövlət dəstəyi ilə 20 baş heyvan alan iki aydan sonra mal-qaranı satıb özünə maşın alırsa, dövlət nə etməlidir?”

MM üzvü hesab edir ki, özünüməşğulluq proqramı keçid dövrünün layihəsi idi. Daha perspektivli plan iri istehsal müəssisələrinin açılması və əhalinin iş yerlərinə kütləvi cəlb olunmasıdır. 

Cavid Zahidoğlu

Sizə yeni x var
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR