Ana Vətən Partiyasının IX qurultayına dair Ədliyyə Nazirliyinə təqdim etdiyimiz sənədlərlə bağlı bizə hələ rəsmi cavab verilməyib.
Bunu Modern.az-a açıqlamasında Ana Vətən Partiyasının sədrliyinə namizəd Elçin Ağamalı bildirib.
“Açığı müraciət etdikdən sonra, bir daha əlaqə saxlamamışam",- o deyib.
E.Ağamalı vurğulayıb ki, Ədliyyə Nazirliyinə yeni müraciət ünvanlayacaq:
"Ana Vətən Partiyasının son dövrlərdə qəbul etdiyi müəyyən qərarların qeyri-legitimliyi və partiya təşkilatı strukturlarının nizamnamə, eləcə də "Siyasi partiyalar haqqında" qanuna uyğun fəaliyyət göstərməməsi ilə bağlı həm Ədliyyə Nazirliyinə, həm də məhkəmə orqanlarına müraciət edəcəyik. "Siyasi partiyalar haqqında" qanunun və Ana Vətən Partiyasının nizamnaməsinin müddəaları ciddi şəkildə pozulub. Partiyanın qeyri-legitim strukturları tərəfindən qanunazidd qərarlar qəbul olunub. Müraciətimizdə bir çox faktlar göstəriləcək. Bunu indi açıqlamaq istəmirəm. Yəni son 1 ildə partiyanın strukturlarının verdiyi qərarların qeyri-legitmliyini sübut edən müddəalarla biz həm Ədliyyə Nazirliyinə, həm də məhkəmə orqanlarına müraciət ünvanlayıb, məsələyə hüquqi qiymət verilməsini xahiş edəcəyik”.
Elçin Ağamalı partiya fəaliyyətlərini hazırda ancaq səyyar həyata keçirdiklərini bildirib:
“Çünki ofis, partiyanın möhürü qarşı tərəfdədir və onlar bizə iş şəraiti yaradılmasından qətiyyətlə imtina edirlər. Eyni zamanda, nəinki hər hansı kompromisə gəlmək, məsələləri danışıqlarla həll etmək təkliflərimizə məhəl qoymurlar. Yəni vəziyyəti daha da radikallaşdırırlar”.
Elçin Ağamalı Ədliyyə Nazirliyindən müsbət cavab əldə edəcəyi təqdirdə onunla bağlı verilən qərarın eynisini qarşı tərəf üçün qəbul edib-etməyəcəkləri barədə də danışıb:
“Əvvəldən də qeyd etdiyimiz kimi, Ədliyyə Nazirliyinin qərarını gözləyirik. Bununla yanaşı, Ədliyyə Nazirliyinə yeni müraciətimizi edəcəyik. Ədliyyə Nazirliyindən gələn ümumi qərara və məhkəmənin qərarına uyğun olaraq da addımları atacağıq. Əslində biz qarşı tərəfdən fərqli olaraq qisasçı mövqe tutmaq niyyətində deyilik. Biz hər bir üzvümüzün kimliyindən asılı olmayaraq partiyaya fayda verə biləcəyi qənaətindəyik. Onun üçün də qisasçılıq deyil, əksinə partiyanın düşmüş olduğu böhrandan çıxarmaq üçün əl-ələ verib çalışmağın tərəfdarıyıq".
Xatırladaq ki, Ana Vətən Partyiyasının hazırkı sədri Fəzail Ağamalı ötən həftə İdarə Heyətinin qərarı ilə Elçin Ağamalının qurumdan xaric edildiyini bildirib.