“Ordubad Azərbaycanın incisidir!” – bu sözləri Ümummilli lider Heydər Əliyev 1980-ci ildə rayona səfəri zamanı söyləyib. Ordubad həqiqətən də öz milli-mənəvi dəyərləri, qədim adət-ənənələri, mədəniyyəti və ziyalıları ilə seçilən bir diyardır.
Modern.az saytının “Ömrün ustadları” rubrikasının budəfəki təqdimatında Ordubad rayonunun ən uzunömürlü sakinindən bəhs edirik.
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri sayılan Ordubad rayonu 8 avqust 1930-cu ildə yaradılıb. 4 yanvar 1963-cü ildə Culfa rayonuna birləşdirilsə də, 6 yanvar 1965-ci ildə yenidən müstəqil rayon statusu alıb. Tarixi mənbələrdə “Ordubad” adına ilk dəfə V əsrdə rast gəlinir.
Rayonun ərazisi 978,99 kvadrat kilometr, əhalisi isə 2025-ci ilin iyun ayına olan məlumata görə, 50 min 863 nəfərdir. Cənubdan İran İslam Respublikası, şimal və şərqdən Ermənistan, qərbdən isə Culfa rayonu ilə həmsərhəddir. Rayon mərkəzi Ordubad şəhəri dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir. Naxçıvan Muxtar Respublikasının ən yüksək nöqtəsi sayılan Qapıcıq zirvəsi (3904 m) də Ordubad ərazisindədir. Tarixi və memarlıq baxımından zəngin olan Ordubad şəhəri 1977-ci ildə qoruq şəhər elan olunub. Muxtar Respublikanın paytaxtı Naxçıvandan rayon mərkəzinədək məsafə 70 kilometrdir.
Bu qədim diyarın Üstüpü kəndində 1 iyul 1925-ci ildə dünyaya gəlmiş Zəhra Hüseynalı qızı Ağayeva Ordubadın ən yaşlı sakini kimi tanınır.
O, 100 illik ömrü ərzində böyük bir nəsil yetişdirib. Hazırda Zəhra nənənin 11 övladı, 40 nəvəsi, 49 nəticəsi və 10 kötükcəsi var.
Hazırda Ordubadda 90-dan çox yaşı olan sakinlərin sayı ümumilikdə 105 nəfərdir. Onlardan 56-sı kişi, 49-u qadındır.
Zəhra nənənin həyat yoldaşı Cəfər Ağa oğlu Ağayev isə 2013-cü ildə dünyasını dəyişib. Hazırda Zəhra nənə oğlu Sədrəddin Ağayevlə birgə doğulub boya-başa çatdığı Üstüpü kəndində yaşayır.
Sədrəddin Ağayev saytımıza müsahibəsində anasının uzunömürlülüyünün sirrindən bəhs edib.
“Anam cəmi 3-4-cü sinfə qədər oxuyub. Bütün həyatını ailəsinə və övladlarının tərbiyəsinə həsr edib. Biz ona həmişə yaxşı baxmışıq, bir dediyini iki etməmişik. Təmiz qidalanma, saf hava və ailə qayğısı onun sağlam, eləcə də uzun ömür sürməsinin əsas səbəblərindəndir. Hazırda da mənimlə birlikdə yaşayır”,- deyə o bildirib.
Biz də Zəhra nənəyə uzun ömür, can sağlığı arzu edirik!
