Modern.az

Azərbaycanda 90 minə yaxın Axıska türkü YAŞAYIR

Azərbaycanda 90 minə yaxın Axıska türkü YAŞAYIR

Ölkə

14 Noyabr 2025, 12:24

14 noyabr 1944-cü ildә Axıska (Mesxeti) türklәri Stalin rәhbәrliyi tәrәfindәn sürgün ediliblər.  Sovet hökuməti tərəfindən Gürcüstanın Mesxetiya regionundan Mərkəzi Asiyaya məcburi şəkildə köçürülmə zamanı 212 kənddə yaşayan 94 min 955 nəfər Axıska (Mesxeti) türkü öz evlərindən didərgin düşüb. 

Onlar mal-qara üçün nəzərdə tutulan vaqonlara yerləşdirilərək əsasən Özbəkistan ərazisinə göndəriliblər.
Sürgün zamanı 50 minə qədər insan həyatını itirib.

Axıska türklərinin Azərbaycan Respublikası ərazisinə köçü 1944-cü ilin noyabrında – bədnam Stalin dönəminin deportasiya əməliyyatından sonra baş verib.

Axıska Türkləri Günü kimi tanınan Axıska Türklərinin Sürgünü Anma Günü 1944-cü il noyabrın 14-də Sovetlər Birliyi tərəfindən Axıska türklərinin öz doğma yurdlarından sürgün edildiyi tarixi hadisəni yad etmək üçün qeyd olunur.

Modern.az-a müsahibəsində araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı söyləyib ki, Sovet hökuməti Axıska bölgəsini “təhlükəsizlik zolağı” elan edərək, bir gecədə on minlərlə türkü Orta Asiya çöllərinə – Qazaxıstan, Qırğızıstan və Özbəkistan ərazisinə sürgün etdi. 1989-cu ildə Kremlin törətdiyi Fərqanə hadisələri zamanı Axıska türkləri yenidən zorən köçkün durumuna düşdü və həmin dönəmdən etibarən Azərbaycana ikinci böyük dalğa kimi yerləşməyə başladılar. Bu köç 1990-cı illərin əvvəllərinə qədər davam etdi.

“Mən 1990-cı ilin yayında ali məktəbə qəbul imtahanları verməkçün Bakıya gələndə bir ay müddətinə Yasamalda – o zaman “11-ci Xrebtovı” deyilən küçədəki bir evdə kirayədə qaldım. Həmin evdə bir Axıskalı anamız da kirayəşin idi. Mən o qadının səhər hər kəsdən erkən durub işə getdiyini, fədakar həyat sürdüyünü, sanki həmişə harasa tələsdiyini o bir ay içində bilavasitə gördüm. Məgər o qadın özünə bir ev-eşik qurmaq, yenidən dirçəlmək üçün tələsirdi, tələsirdi… işin ilginc tərəfi o idi ki - mən bunu sonralar idrak elədim - həmin fədakar qadın ağgünə tələsərkən də təmkinini pozmamağı, qadın ləyaqətini yüksək tutmağı elə yüksək dərəcədə də bacarırdı…

Mən də, qəbula gələn digər dostlarımız da o axıskalı ananın həmin dönəmdə hələ öyrəşmədiyimiz ləhcədə danışmasını ilgiylə qarşılayırdıq. Sonralar axıskalı tanışlarım çoxaldı, tanışlıqlar dostluğa çevrildi; bu gün də onlarla qardaşlıq-dostluq etməkdən şadam”.

Müsahibimiz deportasiya prosesinin baş verməsindən danışarkən bildirib ki, proses keçmiş SSRİ-nin klassik totalitar metodları ilə həyata keçirilib:

“14 noyabr 1944-cü il gecəsi - axıskalılar öncəbhələrdə “ümumi Vətən” üçün ölüm-dirim savaşındaykən türk kəndləri “ümumi Vətən”in hərbi qüvvəsi tərəfindən mühasirəyə alındı, insanlara cəmi bir neçə saat içində yurdlarını tərk etmələri “əmr edildi”. Vağzallara gətirilən ailələr heyvan daşıma vaqonlarına mindirilərək Orta Asiyaya göndərildi. Yüzlərlə insan yolda yaşamını itirdi. Bu, əlbəttə, təkcə coğrafi sürgün deyildi – kollektiv kimliyə, tarixi yaddaşa vurulan çox ağır bir zərbə idi”.

Ə.Qoşalı onu da əlavə edib ki, 1989-1993-cü illər dalğasında Azərbaycana gələn Axısla türkləri fərqli bölgələrə – harada əlverişli imkan vardısa, oralara yerləşdirilib:

“Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Quba, Xaçmaz, Ağstafa, Tovuz, Gəncə, Göygöl, Goranboy, Samux və Saatlıda, habelə Bakı və Sumqayıtda böyük Axıska icmaları formalaşdı. Bu bölgələr həm təbiət, həm məşğulluq imkanları, həm də sosial-mental yaxınlıq baxımından onların yaşam tərzinə uyğun idi. Bildiyim qədər, axıskalı soydaşlarımız hazırda da əsasən bu bölgələrdə kompakt yaşamaqdadır”.

Həmsöhbətimi vurğulayıb ki, Azərbaycan dövləti həmin dönəmdə nə qədər çətinlik yaşasa da, Axıska türkləri qardaş-bacılarımızın qəbulunda çox həssas və qardaş məhəbbəti ilə davranıb:

“Beləki köçkün ailələr üçün yaşayış evləri ayrıldı, kəndlərdə boş qalmış təsərrüfatlar onlara təhkim edildi. Yerli icmalar isə Axıska türklərini “qonaq” yox, “özümüzdən biri” kimi qarşıladı. Qohumluq bağları quruldu, sosial inteqrasiya demək olar ki, heç bir gərginlik olmadan baş verdi. Bu, türk dünyasının birliyinin canlı örnəyidir”.

O, eyni zamanda bildirib ki, rəsmi olmayan məlumata görə, hazırda Azərbaycanda 70-90 min arası Axıska türkü yaşayır. Onların böyük qismi daimi yaşayış hüququna malikdir, gənclər isə təhsil və dövlət xidmətlərində fəal şəkildə təmsil olunurlar:

“Onu da vurğulayaq ki, Axıskalı qardaşlarımızın l və ll Qarabağ savaşında göstərdiyi qəhrəmanlıqlar dillərdə dastandır. Örnəyi, əfsanəli topçu - Azərbaycanın Milli Qəhrəmanı, rəhmətlik İsgəndər Aznavurovu eşitməyən-bilməyən varmı?

Ömrü uzun olsun, bu günlərdə 25 yaşı tamam olmuş Murad Əflətov isə 44 günlük müharibənin gedişində döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə, Vətən Müharibəsi Qəhrəmanı yüksək adına layiq görülüb”.

Əkbər Qoşalı onu da nəzərə çatdırıb ki, Gürcüstan hökumətinin reabilitasiya proqramı çərçivəsində indiyədək çox az axıskalıya geri qayıtmaq üçün şərait yaradılıb:

“O proqramdan qıraqda da köçə bilənləri nəzərə alsaq, təxminən min - min beş yüz nəfər Axıska mənşəli türk geri qayıtmağı bacarıb. Bu, 1944-cü ildə sürgün edilən on minlərlə insanın yanında çox kiçik rəqəmdir. Axıska türklərinin böyük qismi bu gün hələ də dünya üzrə səpələnmiş şəkildə yaşayır – ən çox Türkiyə, Qazaxıstan, ABŞ, Azərbaycan və Rusiyada…

Axıska türkləri türk dünyasının “ən səssiz acısı”, eyni zamanda “ən möhkəm yaddaşı”dır. Onlar haraya gedibsə, həm öz kimliklərini qoruyub, həm də yaşadıqları topluma fədakarcasına töhfə veriblər. Bəli, Azərbaycan bu qardaş topluluğun ən böyük dayaqlarından biri, ən etibarlı sığınacağı olub, onlar Axıskaya qayıtmaq hüququndan yararlanacaqları günədək də belə olacaq. Qardaşlığımız əbədidir”,- deyə müsahibimiz fikrini tamamlayıb.

14777311477730

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!