Qazaxıstanın “İbrahim Sazişləri”nə qoşulması region üçün yeni imkanlar açır və bu prosesdə Azərbaycan xüsusi əhəmiyyət kəsb edir.
Modern.az xəbər verir ki, bunu ABŞ-nin "Foundation for Defense of Democracies (FDD)" adlı nüfuzlu analitik mərkəzi Mərkəzi Asiyada baş verən son geosiyasi dəyişiklikləri təhlil edərkən bildirib.
Məqalədə vurğulanır ki, Qazaxıstanın rəsmi şəkildə sazişə qoşulan ilk Mərkəzi Asiya dövləti olması regionun ABŞ və İsraillə yeni əməkdaşlıq formatlarına açıq olduğunu göstərir. Bu addım, həmçinin Özbəkistan və Azərbaycanın ehtimalı iştirakına siyasi cəhətdən təhlükəsiz presedent yaradır.
Mərkəz qeyd edir ki, Azərbaycan artıq İsraillə müdafiə və enerji sahələrində strateji tərəfdaşdır. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya enerji tədarükündə Bakının rolu xüsusi olaraq ön plana çəkilir:
“Azərbaycan Xəzər qazının Avropaya diversifikasiya olunmuş marşrutlarla çatdırılmasında həlledici oyunçudur və bu, həm Avropanın enerji təhlükəsizliyini, həm də regiondakı sabitliyi gücləndirir”, – deyə mərkəz yazır.
Analitiklər hesab edir ki, Azərbaycanın “İbrahim Sazişləri” prosesinə qoşulması regional sabitliyə mühüm töhfə verə, həm siyasi, həm iqtisadi əməkdaşlıq imkanlarını genişləndirə, həm də ABŞ-ın Cənubi Qafqaz–Mərkəzi Asiya xəttində təsirini artırara bilər.
Analitiklərin qənaətinə görə, Qazaxıstan, Azərbaycan və Özbəkistanın mümkün iştirakı Müsəlman ölkələrinin İsraillə diplomatik münasibətlərini genişləndirməsi üçün təhlükəsiz model yarada bilər.
Amerikalı ekspertlər bildirirlər ki, bu proses həmçinin Bakı üçün diplomatik manevr imkanlarını artırır, eyni zamanda Türkiyə–İsrail–Azərbaycan üçbucağı daxilində yeni geosiyasi balans formalaşdıra bilər.
“İbrahim sazişləri” ilk dəfə 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş arasında imzalanıb. Daha sonra Sudan və Misir də sənədə qoşulmuşdu.