1988-ci ilin noyabrında Azərbaycan cəmiyyətinin içində illərlə yığılan narazılıq bir anda partladı. O gün milli özünüdərkin yenidən doğulduğu gün idi. İnsanlar meydanlara axışdı. Qorx aşıldı və Milli Dirçəliş kimi düşəcək yeni tarixi mərhələyə qədəm qoyuldu.
17 noyabrı yaradan səbəblərə gəlincə, bəli,deyə bilərik ki, 1988-ci ilin əvvəllərindən SSRİ-nin müxtəlif respublikalarında etirazlar başlayırdı. Amma Azərbaycan üçün vəziyyəti kəskinləşdirən əsas faktor Qarabağla bağlı işğalçılıq cəhdlərinin Moskvanın dəstəyi ilə güclənməsi idi.
Qarabağda erməni quldurlarının açıq cani mərhələsinə keçməsi, Moskvanın Azərbaycan xalqının haqlı etirazlarına etinasız münasibəti, mərkəzi hakimiyyətin Azərbaycanlıları müdafiəsiz qoyması, Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası və s. bu kimi məqamlar “artıq susmaq mümkün deyil” düşüncəsi geniş kütlə içində gücləndi.
O zaman Bakının mərkəzindəki Azadlıq (o zaman Lenin) meydanına on minlərlə insan axışmağa başladı. Bu, hansısa təşkilatın çağırışı yaxud planlı aksiyalardan biri deyildi, proses tamamilə xalq təşəbbüsü idi.
Meydana gələnlər tələbələr, fəhlələr, yazıçılar və ziyalılar idi. Onların içində qadınlar, hətta uşaqları ilə birlikdə gələn ailələr var idi. Hərbçilərin sıralarından ayrılıb xalqla birləşənlər də var idi.
Meydan bir gecədə milli həmrəylik mərkəzinə çevrildi. SSRİ rəhbərliyi etirazların böyüməsindən narahat idi. Növbəti günlərdə meydana qarşı ordu hissələri cəlb edildi, Bakı şəhəri faktiki blokadaya alındı, mitinqin dağıdılması üçün təhdidlər edildi və sonda güc tətbiq olundu.
Amma bütün bunlar etirazların miqyasını azaltmadı, əksinə, xalqın birliyini daha da gücləndirdi. Proseslər 17 noyabrı Milli Dirçəlişin başlanğıcına çevirdi.
Millət çoxillik qorxu divarını aşdı. İlk dəfə milyonlar SSRİ rejiminə qarşı açıq şəkildə etiraz etdi.
Milli kimlik yenidən formalaşdı. Azərbaycan müstəqilliyinin ideoloji bazası yarandı. Sonrakı istiqlal proseslərinin siyasi əsası məhz həmin günlərdə formalaşdı. Cəmiyyət milli qüvvə kimi öz gücünü dərk etdi. “Biz çoxuq, biz birlikdə güclüyük” düşüncəsi geniş yayıldı.
Bu gün də Azərbaycan üçün 17 noyabr aktualdrı. Milli birlik, milli maraqların müdafiəsi, dövlətçiliyə bağlılıq, xalqın öz taleyinə sahib çıxması hər zaman aktual olacaq.
Tarixi yaddaş toplumları ayaqda saxlayan ən vacib sütunlardan biridir, 17 noyabr da həmin sütunların ən hündürlərindəndir.
Odur ki, 17 noyabrı keçilmiş bir gün kimi xatırlaya bilmirik. Həmin gün Azərbaycan xalqının “ayağa qalxma”, “öz gücünü tanıma” və “azadlıq istəyi”nin simvoludur.
Sevinc MƏHƏRRƏMOVA