Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur.
Modern.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb.
"Bir daha qeyd edirik ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa "Cloudflare"-in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.
Məlumat üçün bildirək ki, nasazlıqla bağlı "Cloudflare"də açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür", - açıqlamada qeyd olunur.
***
15:54
Azərbaycanda bir sıra xəbər portallarına daxil olmaqda çətinliklər qeydə alınıb.
Modern.az-ın məlumatına görə, artıq bir neçə dəqiqədir ki, müxtəlif media resurslarına giriş ya mümkün olmur, ya da səhifələr çox gec yüklənir.
Problemin genişmiqyaslı olduğu bildirilir. İstifadəçilər həm kompüterdən, həm də mobil cihazlardan daxil olarkən "Cloudflare" Error tipli bildirişlər alır. Bu cür xətalar adətən saytların təhlükəsizlik və iş yükünü idarə edən beynəlxalq "Cloudflare" xidmətində yaranan texniki nasazlıqlarla bağlı olur.
"Cloudflare" artıq məsələni təsdiqləyib və rəsmi açıqlamasında bildirilib: “Cloudflare" bir neçə müştəriyə təsir edən texniki problemi araşdırır. Daha ətraflı məlumat əldə olunduqca paylaşılacaq.”
Hazırda xidmətin şəbəkə infrastrukturu üzrə qlobal miqyaslı nasazlıq ehtimalı istisna olunmur. Problemlər bəzi saytlara tam girişin mümkünsüzlüyü, bəzilərində isə səhifələrin yüklənmə sürətinin kəskin aşağı düşməsi ilə müşahidə olunur.
