Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür. Xocavənd artıq azaddır. Məhz bu səbəbdən faciənin baş verdiyi ərazidə abidə qoyulması məsələsi gündəmə gəlib.
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, helikopterin vurulduğu yerdə mütləq şəkildə abidə, hadisəni ehtiva edən nişanə qoyulmalıdır:
"Abidənin nə üçün qoyulduğu, nəyi ehtiva etdiyi qeyd olunmalıdır. Deyirik ki, sülh sazişi imzalanacaq, əlaqələr qurulacaq, sərhədlər açılacaq. Lap yaxşı, bunlar olmalıdır. Dünyada əbədi müharibələr yoxdur. Hər müharibənin sonu sülhlə başa çatır. Amma bu murdarların, düşmənlərimizin özünün havadarları ilə bizə qarşı törətdikləri bəşəri cinayətlər heç vaxt unudulmamalıdır. Nəsildən-nəsilə ötürülməlidir. Bilməliyik ki, bunlara etibar etmək, ehtiyatı əldən vermək olmaz".
Məsələ ilə əlaqədar Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat xidməti ilə də əlaqə saxladıq.
Xidmətin mətbuat katibi Leyla Sərabi sorğumuza cavab olaraq bildirdi ki, Qarakənd faciəsinə görə, ərazidə hər hansı abidənin qoyulması, memorialın tikilməsi ilə bağlı hələ ki məlumat yoxdur.