Azərbaycanda avtomobil nömrələrində yenilik edilib. Bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara görə, AZS 599:2025 dövlət standartına əsasən, dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasındakı "defis" işarələri ləğv edilib.
Sosial şəbəkələrdə mövcud nömrələrdə də defislərin silinib-silinməyəcəyi barədə müzakirələr aparılır.
Modern.az xəbər verir ki, məsələ ilə bağlı rəsmi açıqlama verilib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib ki, dövlət qeydiyyat nişanlarına hər hansı müdaxilə edilməsi yolverilməzdir, çünki bu nömrə nişanları vaxtilə müəyyən edilən standartlara uyğun istehsal edilib. Buna görə də həmin nişanlara müdaxilə edilməsi inzibati məsuliyyət yaradır:
"Köhnə nömrələr yararsız hala düşərsə, hərflər və ya rəqəmlər oxunmaz hala gələrsə, bu halda yenisi ilə əvəz edilməlidir. Bəzi hərflərin deformasiyası qayda pozuntuları zamanı cərimələrin fərqli adamlara getməsinə səbəb olur. Birmənalı olaraq bu yazılar oxunaqlı olmalıdır. Əgər oxunmağında hər hansı bir problem yoxdursa, nömrə nişanın yenisi ilə əvəzlənməsinə ehtiyac yoxdur".