Modern.az

Ermənilər sabah Bakıya GƏLİR

Ermənilər sabah Bakıya GƏLİR

Ölkə

20 Noyabr 2025, 17:22

Ermənistan vətəndaş cəmiyyəti sabah Azərbaycana səfər edəcək.

Modern.az xəbər verir ki, Ermənistan hökuməti bu gün keçirilən iclasında qərar qəbul edib.

Qərara əsasən, 2025-ci il noyabrın 21-dən 22-dək Bakıda keçiriləcək dairəvi masa müzakirəsinə Ermənistan tərəfindən 5 ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reysinin təşkilinə 17 milyon 550 min dram ayrılması təklif olunub.

Qərarın əsaslandırılmasında qeyd edilir ki, dairəvi masa müzakirəsində iştirak vasitəsilə erməni və azərbaycanlı vətəndaş cəmiyyəti nümayəndələrinin təmasları aktivləşəcək və iki ölkə cəmiyyətləri arasında etimadın formalaşdırılması mexanizmləri yaradılacaq.

Qeyd edək ki, 21–22 oktyabr 2025-ci il tarixlərində Ermənistan və Azərbaycan ekspert icmaları nümayəndələrinin birgə təşəbbüsü, hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə İrəvanda ikitərəfli “dəyirmi masa” keçirilib.

Azərbaycanı Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri) təmsil ediblər.

Tədbir Vaşinqtonda 8 avqust 2025-ci ildə qəbul edilən Birgə Bəyanatın ruhuna uyğun olaraq sülh gündəminin irəlilədilməsinə yönəlib və bu formatda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olub.

Erməni tərəfdən müzakirələrdə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.

Müzakirələr zamanı iki xalqı maraqlandıran geniş mövzular - sülh prosesinin perspektivləri, humanitar məsələlər, münasibətlərin normallaşması şəraitində iqtisadi və logistik imkanlar, eləcə də etimadın möhkəmləndirilməsi üzrə addımlar müzakirə olunub.

Tərəflər, həmçinin, gələcəkdə birgə fəaliyyət planlarının hazırlanması və regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində razılığa gəliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə