Modern.az

“AFEN Plaza”dakı partlayışa görə kim məsuliyyət daşıyır? - İki qurumdan AÇIQLAMA

“AFEN Plaza”dakı partlayışa görə kim məsuliyyət daşıyır? - İki qurumdan AÇIQLAMA

Ölkə

25 Noyabr 2025, 10:48

Ötən gün paytaxtın Nərimanov rayonunda yerləşən “AFEN Plaza”da baş vermiş partlayış nəticəsində beş nəfərin xəsarət alıb.

FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

“AFEN Plaza”nın sahibi Əbülfət Əliyev jurnalistlərə bildirib ki, binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Bunun nəticəsində binaya yeraltı qaz sızıb.

“Hazırda burada olmaq belə təhlükəlidir. Bizim binada qaz olmayıb. Binanın arxasında çardaqdadır. Havalar xoş keçdiyindən qaz qoşulmayıb. Zirzəmiyə qaz toplanıb. Səhər gəlib işığı yandıran kimi partlayış baş verib. Binaya dəyən zərər isə göz önündədir, dövlət orqanları müəyyənləşdirəcəklər”, - o əlavə edib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev plaza rəhbərliyinin fikrini təsdiq etməyib:

“Təftiş aparılan boru xətlərində hələ ki, ciddi bir şey aşkar olunmayıb. Bu baxımdan hadisənin mavi yanacaqdan baş verməsi ilə bağlı verilən açıqlamalar məncə, doğru deyil. Hüquq-mühafizə orqanlarının araşdırmasının yekun nəticəsi açıqlananda hər şey bəlli olacaq. Buna görə də hansısa dövlət qurumunu qınamaq, hadisənin baş vermə səbəbi barədə ilkin ehtimal kimi sadalanan səbəblər işin gedişinə mane kimi qiymətləndirilə bilər”.

Modern.az məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb. O təsdiq edib ki, qurumun sifarişi ilə həmin ərazidə Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolu layihəsinin icrası həyata keçirilir.

Layihə çərçivəsində podratçı şirkət kommunikasiya xətlərinin köçürülməsini icra edir: “Həm bizim tərəfimizdən həm də müvafiq qurumlar tərəfindən podratçıların işi araşdırılır. Yoxlama bitmədən nəticəyə gəlmək mümkün deyil”.

A.Nəcəfli əlavə edib ki, həmən ərazidə qaz xətlərindən başqa digər kommunikasiya sistemləri də keçir:

“Təbii ki, iş zamanı qəza ola bilər. Qəza baş verdiyi zaman bizi məlumatlandırmaq yox, aradan qaldırmaq lazımdır. Hər-halda qeyd edim ki, qaz qəzası ilə bağlı şirkətdən bizə heç bir məlumat daxil olmayıb”.

Cavid Zahidoğlu

Sizə yeni x var
Keçid et
Paşinyan Putinin üzünə qayıtdı: Gəlmirik!