Bakıda fəaliyyət göstərən restoranların menyu qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Belə ki, əvvəllər 50-60 manat aralığında olan menyular 70-80 manata, 60-70 manat civarında olan standart menyular isə 80-90 manat arasında təklif edilir.
Banket menyu qiymətlərində də artım müşahidə edilir. Qiymət artımına baxmayaraq, müştərilərin əksəriyyəti menyu seçərkən qənaət variantlarına üstünlük vermir.
Halbuki həmin menyuların tərkibində təqdim olunan qidaların hamısı istifadə olunmur, bir qismi isə masada qalaraq israf edilir.
Mövzu ilə bağlı Modern.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, restoran menyularının bahalaşmasına baxmayaraq, insanların daha uyğun qiymətli menyulara yönəlməməsi, bir çox sosial, psixoloji, eləcə də iqtisadi amillərlə bağlıdır.
Onun sözlərinə görə, burada əsas məsələ yalnız yemək deyil, həmin yemək ətrafında formalaşmış mədəniyyət və gözləntilərdir.
“Əvvəla, bizim cəmiyyətdə süfrənin bol olması qonağa hörmət kimi qəbul edilir. Xüsusilə qonaqlıq, tədbir və kollektiv görüşlərdə daha ucuz menyu seçmək çox vaxt “xəsislik” kimi görünə bilir. İnsanlar bəzən real ehtiyaclarını deyil, başqalarının necə qarşılayacağını düşünərək qərar verirlər. Bu səbəbdən daha bahalı, daha çox çeşidli menyu seçməyə meyillidirlər.
Digər tərəfdən psixoloji olaraq “bahalı olan daha yaxşıdır” yanaşması geniş yayılıb. İnsanlar düşünür ki, qiyməti yüksək olan menyu həm keyfiyyətcə daha üstündür, həm də daha prestijlidir. Bu düşüncə, menyudakı yeməklərin hamısından istifadə olunmamasına baxmayaraq, seçimdə rol oynayır. Burada “birdən nəsə əskik qalar” qorxusu da var. İnsanlar ucuz menyu seçsələr, bəlkə də hansısa ləzzətli yeməyi dadmayacaqlarını düşünürlər. Hətta əksər yeməklərə toxunmasalar belə, bu psixoloji rahatlıq onları daha dolu menyuya yönəldir”.
O, həmçinin vurğulayıb ki, restoranların qiymət siyasəti də məsələni gücləndirir:
“Çoxu menyuları paket şəklində təklif edir, seçimi məhdudlaşdırır və ehtiyacdan artıq yemək daxil edir. Belə olduqda müştəri hazır paketə öyrəşdiyi üçün daha rasional seçim etməkdə çətinlik çəkir. Restoranların ümumi xərclərinin - ərzaq, işçi haqqı, icarə və s. artması da menyulara əlavə yük yaradır və qiymətləri yüksəldir”.
A.Nəsirli onu da əlavə edib ki, bir başqa məqam isə insanların restorana yalnız yemək üçün deyil, təcrübə üçün getməsidir:
“Onlar atmosferə, xidmətdə rahatlığa, sosiallaşmaya pul ödədiklərini düşünürlər. Daha aşağı menyu seçmək, bu təcrübəni psixoloji olaraq “dəyərsizləşdirə” bilər və buna görə də bahalı menyuların seçilməsi davam edir.
Nəticədə israf yaranır. Çox çeşidli menyular, adət-ənənədən gələn bolluq vərdişi, kommersiya paketləri və sosial-simvolik yanaşmalar süfrəyə çıxan yeməyin böyük hissəsinin istifadə olunmadan qalmasına səbəb olur.
Bütün bu amillər birlikdə təsir etdiyinə görə, insanlar qənaət etmir, daha bahalı menyulara üstünlük verir və bu, həm iqtisadi, həm də sosial davranışın bir növ davamlı vərdişinə çevrilir”,- deyə o qeyd edib.