Modern.az

"Neftçi"nin idarəçiliyində ciddi problem YARANIB

"Neftçi"nin idarəçiliyində ciddi problem YARANIB

Ölkə

26 Noyabr 2025, 12:28

 “Neftçi”nin idarəçiliyində illərdir ciddi problemlər mövcuddur. Mən deyərdim ki, klubda demək olar ki, idarəçilik sistemi yoxdur.

Bu fikirləri Modern.az-a açıqlamasında sabiq baş məşqçi Ağasəlim Mircavadov son dövrlər “Neftçi” PFK-nin idarəçiliyində baş verən prosesləri şərh edərkən deyib.

“Normalda klubun prezidenti olur və o, həm komandanın, eləcə də klubun ümumi fəaliyyətinə rəhbərlik edir. Prezidentlə baş məşqçi arasında sağlam münasibət olmalıdır. Baş məşqçini prezident dəvət edir, futbolla bağlı əsas qərarları baş məşqçi verir, prezident isə klubun daxili və xarici fəaliyyətinə cavabdeh olur. Təəssüf ki, Neftçidə bu modelin tətbiq olunduğunu görmürəm”.

O həmçinin bildirib ki, “Neftçi” dahi bir klubdur, onun böyük tarixi və dəyərli veteranları var:

“Amma bu gün veteranlar sanki kənarda qalıb. Klubun veteranlarla müntəzəm görüşləri, onlara diqqəti olmalıdır. Biz veteranların klubdan istədiyi yalnız münasibətdir - başqa heç nə. Bu münasibət isə ad günündə bir köynək hədiyyə etməklə bitmir. Mən xarici klublarda da olmuşam, orada veteranlara tam fərqli dəyər verilir. Futbol ailədir, böyük bir kollektivdir. Neftçidə isə bu ailə ruhunu görmürük”,- deyə o əlavə edib.

A.Mircavadov eyni zamanda vurğulayıb ki, hazırda hiss olunur ki, klubun fəaliyyətində idarəçilik çox zəifdir:

“Ailə mühiti olmayanda nəticə də olmur. Biz vaxtilə komandada ailə atmosferi yaradırdıq, problemləri daxildə həll edirdik, fikirlərimizi bir nöqtəyə yönəldirdik. Azarkeşlərlə də daim ünsiyyətdə olurduq.

Neftçi bir tarixdir - Azərbaycan futbolunun tarixidir. Bu gün bu tarixi zəiflətmək necə mümkün olur, başa düşmürəm. İmkanlara gəldikdə isə, SOCAR-a təşəkkür etmək lazımdır, çünki Neftçi hazırda ölkənin ən böyük büdcələrindən birinə malikdir. Amma bu il 14 transfer edilib ki, bu da həddindən artıq çoxdur”.

Yekun olaraq baş məşqçi onu da əlavə edib ki, “Neftçi”nin hər zaman böyük və ziyalı azarkeş kütləsi olub:

“Lakin indi biz həmin azarkeşləri itiririk. Bu isə çox ciddi məsələdir”,- deyə o bildirib.

Qeyd edək ki, “Neftçi” PFK Samir Abasovu bir neçə gün öncə istefaya göndərib. Hazırda yeni baş məşqçi axtarışları davam edir.  Komandanı “Turan Tovuz”la noyabrın 28-də keçiriləcək qarşılaşmaya hazırlamaq isə Sənan Qurbanova həvalə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ