Oktyabr-noyabr aylarında havaların qeyri-adi formada mülayim keçməsi payız əkini üçün əlverişli sayılmır. Yağıntının azlığı və temperaturun mövsümə uyğun olmaması torpaq rütubətinin azalmasına, eyni zamanda gəmirici və müxtəlif zərərverici həşəratların sürətlə çoxalmasına şərait yaradır. Nəticədə payızda əkilən dənli bitkilərin normal inkişafı çətinləşir və taxılın məhsuldarlığı gözlənilən səviyyədə olmaya bilir.
Mövzu ilə bağlı Modern.az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, havaların mülayim keçməsinin kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsirləri olsa da, müsbət təsirləri çoxluq təşkil edir.
“Müsbət təsir ondan ibarətdir ki, əkin-səpin işlərini vaxtında və aqrotexniki tələblərə uyğun şəkildə həyata keçirmək mümkün olur. Yağış yağmadığı üçün səpin işləri vaxtında icra edilir və torpağa lazım olan mineral elementlər verilir. Səpindən sonra isə suvarma aparılır”.
Mütəxəssis qeyd edib ki, Azərbaycanda hazırda 1 milyon 400 min hektardan çox ərazi suvarılan torpaqlardır. Onun sözlərinə görə, bu da əkin-səpin üçün geniş imkanlar yaradır:
“Suvarma prosesi də vaxtında həyata keçirilir. Torpağı lazımi qədər mineral elementlərlə təmin etsək, normaya uyğun şəkildə bitkinin inkişafı sürətli və sağlam olacaq. Havaların isti keçməsi o demək deyil ki, bitki zərər görəcək - yetər ki, mineral maddələr kifayət qədər olsun. Bu halda bitki özünü mühafizə edə bilir, immun sistemi möhkəm olur və həm istiyə, həm də soyuğa davamlı olur”.
V.Məhərrəmov, həmçinin vurğulayıb ki, əgər torpağımız münbit olarsa və keyfiyyətli toxumdan istifadə edilərsə, xüsusilə də taxılçılıqda yüksək məhsul əldə edə bilərik və heç bir problem yaşanmaz:
“Amma bir şərtlə ki, aqrotexniki qaydalara ciddi şəkildə əməl edilsin. Çünki bitkinin inkişafı üçün vacib olan, sayı təxminən 16-ya çatan əsas elementlər torpaqda mütləq təmin olunmalıdır. Bu təmin edildikdə heç bir problem yaranmır.
Havaların mövsümə uyğun keçməməsi, təbii ki, ümumilikdə Azərbaycan üçün müəyyən çətinliklər yaradır. Hazırda ölkəmizdə heyvandarlıq sahəsində müəyyən problemlər mövcuddur. Lakin düşünürəm ki, yaxın zamanda yağış, qar yağacaq və bundan sonra əksər bölgələrdə otların yetişməsi üçün əlverişli şərait yaranacaq. Bu da heyvanları örüşə çıxaranlar üçün müsbət haldır. Ona görə də hesab etmirəm ki, havaların indiki kimi keçməsi kənd təsərrüfatına ciddi zərər vursun”.
Ekspert onu da əlavə edib ki, həşərat və xəstəliklərə gəldikdə, bitkinin immun sistemi güclü olduqda o, xəstəliklərə qarşı davamlı olur:
“Lazımi elementlər normaya uyğun verildikdə bitki sağlam qidalanır, immuniteti möhkəmlənir və özünü yaxşı qoruyur. Bu halda həşəratlar da ciddi ziyan vura bilmir. Lakin torpaq münbit olmaz, lazım olan elementlər verilməz və aqrotexniki qaydalara əməl edilməzsə, problemlər yarana bilər.
Vurğulamaq vacibdir ki, suvarma aparıldıqda həşəratların bir hissəsi, xüsusən də gəmiricilər məhv olur, bir hissəsi isə sahədən uzaqlaşır. Yəni bütün işlər qaydasında görülərsə, heç bir problem yaranmaz”,- deyə V.Məhərrəmov bildirib.