Qış mövsümünün yaxınlaşması paytaxtda qışa hazırlıq, kommunal xidmətlərin fəaliyyətinə dair məsələləri gündəmə gətirib.
Modern.az mövsümün yaxınlaşdığını nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyətinə və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayaraq, qurumların qarşıdakı qış mövsümünə hazırlıq vəziyyətini öyrənməyə çalışıb.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qış mövsümünə hazırlıqla bağlı paytaxt rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb. Hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib.
"Paytaxtda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti məsələləri sonuncu olaraq Bakı şəhərinin Suraxanı, Səbail və Nəsimi rayonlarında müzakirə edilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərləri, həmçinin özəl sektorun nümayəndələri də iştirak ediblər. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib”.
Qeyd olunub ki, rayonlardakı hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Eyni zamanda həm də ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə və ictimaiyyət nümayəndələrinə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, hazırda ADSEA tərəfindən içməli su və tullantı su təchizatının yaxşılaşdırılması və yeni infrastruktur təminatı məqsədilə bir sıra irihəcmli layihələr icra olunur.
“Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində hazırda müntəzəm tikinti-quruculuq işləri icra olunur. Bu layihələrin icrası tullantı sularının idarə edilməsinə, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və intensiv yağışlar zamanı subasma hallarının qarşısının alınmasına imkan yaradacaq”.
Qurumdan verilən məlumata görə, payız və qışda mövsümlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən bütün tullantı və yağış xətlərində monitorinqlər aparılır.
“Yağış kollektor quyularına, daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilir. Tutulmalar müşahidə olunan xətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur. Ərazidəki şəbəkələr payız-qış mövsümünə hazır vəziyyətə gətirilir.
Ancaq nəzərə almaq lazımdır ki, hər bir kollektorun müəyyən daşıma həcmi mövcuddur. İntensiv leysan xarakterli yağışlarda kollektorlar həddindən artıq yüklənə bilir. Həmçinin o da məlumdur ki, elə ərazilər var ki, orada təchizat sistemi mövcud deyil. Belə hallarda bu kimi ərazilərdə intensiv yağıntılar zamanı suyun ətrafa toplanması müşahidə edilir”.
Həmçinin qeyd edilib ki, bu kimi problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
“Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərə müvafiq sukanal idarələrinin qəza briqadaları cəlb edilərək istismar qaydalarının mümkün şərtləri çərçivəsində yığılan suyun maşınlar vasitəsilə qismən və ya tam çəkilməsi təmin edilir”,- məlumatda deyilir.