Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təqdim etdiyi eskiz layihələr əsasında bir sıra heyvan bazarlarında yenidənqurma, abadlıq və texniki uyğunlaşdırma prosesləri intensiv şəkildə davam etdirilir.
Aparılan monitorinqlər göstərir ki, ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesinin icrası davam edir.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Salyan, Şamaxı rayonlarında yerləşən heyvan bazarlarında işlər AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq mərhələli şəkildə irəliləyir.
"Bazarlarda dezbaryerlərin quraşdırılması, ərazinin hasarlanması, heyvanlara baxış platformalarının tikilməsi, çardaqların və satış pavilyonlarının qurulması, asfaltlanma və betonlama işlərinin görülməsi təmin olunub. Heyvanların bazarlara rahat və təhlükəsiz şəkildə daxil olmasını təmin edən rampaların quraşdırılması, arakəsmələrin yaradılması və texniki şəraitin standartlara uyğunlaşdırılması istiqamətində də işlər davam edir".
Agentlikdən verilən məlumata görə, Abşeron, Masallı, Qazax, Xaçmaz, Zaqatala rayonlarında yerləşən heyvan bazarlarında isə rekonstruksiya işlərinə yeni başlanılıb və qısa müddətdə intensiv şəkildə icra olunması nəzərdə tutulur.
"Təəssüflər olsun ki, bəzi heyvan bazarlarında hələ də təmir və rekonstruksiya işlərinə başlanılmayıb. AQTA bir daha bildirir ki, tələblərə əməl etməyən heyvan bazarlarının fəaliyyəti mümkün olmayacaq",- rəsmi qurumun açılamasında deyilir.