Modern.az

Hər kəsi maraqlandıran sual - SSRİ bayrağı qaldıranlar Mehdiyevin adamlarıdır?

Hər kəsi maraqlandıran sual - SSRİ bayrağı qaldıranlar Mehdiyevin adamlarıdır?

Ölkə

26 Noyabr 2025, 18:39

Bakıda SSRİ bayraqları ilə yürüş etməyə çalışan qrupun saxlanılması ilə bağlı məlumatlar yeni müzakirələrə yol açıb.

Daxili İşlər Nazirliyi bildirib ki, aksiya təşkilatçıları - Abdulla İbrahimli, İbrahim Əsədli və digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.

İlkin istintaqın açıqladığı məlumata görə, həmin qrup başqa bir dövlətin ayırdığı maliyyə hesabına ofis icarəyə götürüb, mütəmadi toplantılar keçirib və sovet ideologiyasını təbliğ edən materiallar hazırlayıb. Axtarış zamanı çoxsaylı bayraqlar, kitablar və elektron daşıyıcılar aşkarlanıb.

Bu hadisə təsadüfi deyil. İmişlinin Sarıxanlı kəndində 9 May tədbiri zamanı SSRİ bayrağının memorial kompleksə sancılması və həmin tədbirdə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədovun həbs edilməsi də geniş rezonans yaratmışdı. Son iki il ərzində sovet simvollarının bu şəkildə yenidən ortaya çıxması cəmiyyətdə “ideoloji nostalgiyadan” daha böyük proseslərin işə düşdüyü barədə suallar doğurur.

Hadisələr fonunda sosial şəbəkələrdə və mətbuatda yeni ehtimallar səsləndirilir. İstintaq materiallarında qeyd olunan “başqa bir dövlətin maliyyə dəstəyi” ifadəsi diqqətini ən çox çəkən məqam olub. Bir çoxları bu fəaliyyətlərin təsadüfi olmadığını, müəyyən şəbəkələrin himayəsi altında həyata keçirildiyini yazır.

Müzakirələrdə ən çox səslənən suallardan biri isə Ramiz Mehdiyevlə bağlıdır. Dövlətə xəyanət və hakimiyyəti ələ keçirməyə cəhd ittihamları ilə barəsində həbs qərarı verilmiş Mehdiyevin uzun illər Rusiyanın Azərbaycandakı təsir şəbəkəsinin əsas fiqurlarından biri kimi təqdim edildiyi xatırladılır. Ekspertlər onun “Milyarderlər İttifaqı” ilə “Milli Şura” arasında əlaqələri koordinasiya etməsi barədə iddiaları, eləcə də dövlət çevrilişi ssenarisinə dair məktubun ələ keçirilməsini önə çəkirlər.

Yeri gəlmişkən qeyd edək ki, bundan əvvəl Saleh Səmədovun Mehdiyevlə yaxın əlaqələrindən bəhs edən məqamlar üzə çıxıb.

Məhz buna görə son hadisələr fonunda ictimaiyyət SSRİ simvolları ilə çıxış edən qrupların da eyni dairələr tərəfindən maliyyələşdirilmiş ola biləcəyini müzakirə edir.

Bütün bu müzakirələrin yekunu olaraq Azərbaycan ictimaiyyəti haqlı olaraq soruşur: Bakıda SSRİ bayrağı qaldıranlar da Mehdiyevin adamlarıdır?

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ