Qazaxıstandakı mahnı müsabiqəsində Azərbaycanı münsif kimi təmsil edən müğənni Samirə Əfəndinin erməni ifaçıya maksimum 12 xal verməsi, bununla da kifayətlənməyərək, onu qucaqlaması ölkə gündəmində hələ də müzakirə olunmaqdadır. Onun bu davranışlarını qınayanların bəziləri sosial şəbəkələrdə müğənninin ünvanına hətta təhqiramiz ifadələr işlədiblər.
Samirə Əfəndi Azad Vətən Partiyasının sədri Akif Nağını məhkəməyə verəcəyini deyib. Buna səbəb partiya sədrinin daha sərt ifadələrdən istifadə etməsidir.
Bəs Akif Nağı məhkəməyə veriləcəyindən narahat deyil ki?
Modern.az açıqlamasında Akif Nağı bildirib ki, hələ ki ona məhkəməyə verilməsi ilə bağlı rəsmi bildiriş göndərilməyib:
“Mətbuatda bizi məhkəməyə verəcəyini deyib. Məhkəməyə müraciət etdiyi ilə bağlı isə məlumatımız yoxdur. Bundan heç də narahat deyilik. Ağlı olsaydı, özünü yenidən biabır etməzdi. Qazaxıstandakı hərəkəti, bizə qarşı çıxışı və şəhid ailələrindən üzr istəməməyi ilə səhv edib. İndi bizi məhkəməyə verəcək, özü daha pis vəziyyətə düşəcək”.
A.Nağı vurğulayıb ki, Samirə Əfəndi deyil, başqası da olsayı yenə də eyni reaksiyanı göstərərdi:
“Bizim üçün heç kəsin kimliyi önəmli deyil. Vaxtilə Qarabağ Azadlıq Təşkilatı olaraq, heç kimin ranqına, vəzifəsinə baxmamışıq. Ermənilərlə bağlı kim yanlış mövqe tutubsa, sözümüzü demişik. Qarşıdurma da olub, bizi polisə də aparıblar. Həbslərdə də olmuşuq, amma sözümüzdən çəkilməməşik. İşğal günlərində konsertlər verən tanınmış sənətçiləri ictimai qınaqla üz-üzə qoymuşuq, bəzilərinin konsertlərini ləğv etdirmişik. Cavan Zeynallının konserti başlamağa az qalmış bizim nümayəndələr qapının ağzında dayanıb artistləri xəbərdar edirdilər ki, həmin gün işğal tarixidir. Cavan Zeynallı konsertdən qayıdıb getmişdi, demişdi ki, qələt etmişəm. İndi bu Samirə Əfəndi tanınmış olsa, nə edəcəkdi?!”.
Partiya lideri “Tərtər işi” ilə bağlı onu susmaqda ittiham edənlərə belə cavab verib:
“Akif Nağı heç vaxt susmayıb. Akif Nağıdan hər şeyi tələb edirlər. “Tərtər işi” ilə bağlı dəfələrlə bəyanatlarımız, açıqlamalarımız olub. "Tərtər işi"nin qurbanlarının yaxınları ilə görüşmüşük. “Tərtər işi”ni kimsə siyasi manipulyasiyaya çevirməsin. Amma o məsələ ilə bağlı ən düzgün və obyektiv mövqeni biz tutumuşuq. Bəs niyə demirlər ki, Mübariz İbrahimovu, Ramil Səfərovu kim müdafiə edib? Mübariz İbrahimovun, Ramil Səfərovun üstündə bizi nə qədər döydülər, sürüdülər, polis idarələrinə apardılar. Niyə demirlər ki, Şahbazla Dilqəmi Akif Nağıgil necə müdafiə edirdilər? Yəni kimlərsə boş-boş danışmağa söz axtarırlar. Özlərinə başqa iş tapsınlar. Mənim o cür intiriqalara girməyə nə həvəsim, nə də vaxtım var”.