Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulması məsələsi ilə bağlı Şahin Şıxlınskinin istintaqı və saxlanılması birbaşa əlaqəlidir.
Bu fikirləri Modern.az-a açıqlamasında Şahin Şıxlinskinin qohumu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.
“Sözün düzü, bir müddətdir Bakıda deyildim, ona görə də Şahin Şıxlinski ilə bağlı yeniliklərdən xəbərsizəm.
Lakin, Şahin Şıxlınskinin məhkəməsi əvvəlcə dekabrın sonlarına təyin olunmuşdu. İndi bilmirəm, tarixi irəli çəkiblər, yoxsa yox. Şahin Şıxlınski də, oğlu Mutvalı da hazırda saxlanılır”.
Onun sözlərinə görə, Şahin Şıxlınski girov kimi saxlanılır:
“Görünür, müəyyən tələblər irəli sürülür. Bir vaxtlar “Sputnik”in iki rəhbəri, eləcə də Moskva Akademik Satira Teatrının 20 illik direktoru olmuş Məmmədəli Ağayevi saxlanılmışdı. İndi “Sputnik”dəki şəxslərdən biri azad edilib, Satira Teatrının sabiq direktoru da buraxılıb.
“Sputnik” rəhbərlərindən biri isə hələ də ev dustaqlığındadır. Bir tərəfdən də Şahin Şıxlınski saxlanılır. Müşahidə edilən odur ki, müəyyən mübadilə və ya şərt məsələləri gündəmdədir. Rusiya təhqiqatın nəticələrini necə elan edəcəksə, proses də ondan asılı olacaq”,- deyə E.Şıxlı qeyd edib.
O, həmçinin Rusiyanın Azərbaycan təyyarəsini vurması ilə bağlı məsələlərə də münasibət bildirib:
“Rusiya tərəfinin Azərbaycanın hərbi təyyarəsinin vurulmasıyla bağlı apardığı təhqiqatın nəticələri dekabr ayında rəsmi qaydada açıqlanmalıdır. Rusiya bunun necə baş verdiyini elan edəcək. Mənə elə gəlir ki, həmin nəticələrdən asılı olaraq Rusiya-Azərbaycan münasibətlərində müəyyən dəyişikliklər ola bilər. Çox yaxın, isti münasibətlər olmasa da, ən azı normal səviyyədə münasibətlər qorunmalıdır”.
E.Şıxlı onu da əlavə edib ki, Rusiya tərəfi Azərbaycanın gücləndiyinin, bölgədə nüfuzunun artmasından xəbərdardır:
“Ötən ayın ortalarında Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Orta Asiya ölkələrinin sammitində iştirak etdi. Bu, konsultativ forum idi və Azərbaycan 5+1 formatına daxil edildi. Yəni Mərkəzi Asiya ölkələri Azərbaycanı öz qapalı formatlarına qəbul etdilər. Bu, o deməkdir ki, TDT-də üç ölkə üzvdür, Türkmənistan müşahidəçi qismində, amma bu dediyim formatda Tacikistan da yer alır və Azərbaycan da həmin regional platformaya daxil olur. Bu isə Azərbaycanın Mərkəzi Asiya bölgəsinə nüfuz etməsi, orada söz sahibi olması anlamına gəlir. Beləliklə, Rusiya öz ənənəvi təsir dairəsini tədricən itirdiyini görür və Kremldə bunu qəbul edir”.
O, eyni zamanda vurğulayıb ki, burada həm Mərkəzi Asiya ölkələrinin Rusiyanın təsir dairəsindən çıxması, həm də bu prosesdə Azərbaycanın aktiv rol alması da Rusiyada müəyyən qısqanclıq yaradır:
“Təxminən bir həftə əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Qazaxıstana səfəri çərçivəsində ikitərəfli strateji tərəfdaşlıq haqqında müqavilə imzaladı. Bundan əvvəl Gürcüstanın baş naziri bütün Mərkəzi Asiya ölkələrinə səfərlər etmişdi. Beləliklə, Cənubi Qafqaz ölkələri artıq Mərkəzi Asiya alyansına doğru yaxınlaşır. Artıq Rusiyaya əvvəlki qədər ehtiyac qalmır. Rusiya isə həm tranzit yollarından, həm də “İpək yolu” kimi strateji marşrutlardan kənarda qalır. Sözügedən vəziyyət Rusiyanı narahat edir və qıcıqlandırır. Lakin Ukrayna müharibəsinə başı qarışdığından bölgəmizə nə gücü, nə resursu, nə də real təsir imkanı çatır”,- deyə E.Şıxlı qeyd edib.
Xatırladaq ki, avqust ayında Moskvanın Basmannı Məhkəməsi “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini qiyabi həbs edib. O, Moskvada könüllü şəkildə təslim olub və oradan Yekaterinburqa aparılıb.
Yerli mətbuat yazır ki, Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.
O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilmişdi.