Modern.az

Bu rayonda balıq festivalı keçiriləcək

Bu rayonda balıq festivalı keçiriləcək

Ölkə

27 Noyabr 2025, 11:08

Dekabrın 4-də Neftçala rayonunda balıq festivalı keçiriləcək.

Modern.az xəbər verir ki, festival Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Balıqçılıq və Akvakultura mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. Balıq festivalının Neftçala şəhərindəki bulvarda təşkili planlaşdırlıb.

"4 dekabr saat 11:00-da Neftçala şəhərinin Park-Bulvar Kompleksində keçiriləcək möhtəşəm balıq festivalına hamınızı böyük məmnuniyyətlə dəvət edirik!
Bu unikal tədbir şəhərimizin artan turizm potensialını nümayiş etdirmək, Neftçalanın əsrlərdən gələn balıqçılıq ənənələrini yaşatmaq və hər kəs üçün rəngarəng, maraqlı bir festival mühiti yaratmaq məqsədi daşıyır", - İcra Hakimiyyətindən bildirilib.

Festivalda balıqçılıq irsini canlandıran təqdimatlar və unikal sərgilər, rəngarəng əl işləri, interaktiv foto-zonalar və yaradıcılıq guşələri, həyəcanlı müsabiqələr və ailəvi əyləncələr, su idman yarışları, Kür çayında gəzinti, canlı musiqi, rəngli performanslar və enerji dolu konsert proqramı, dünyanın müxtəlif mətbəxlərindən ləzzətlər və xüsusi kulinariya təqdimatları, kənd təsərrüfatı və balıqçılıq məhsullarının sərgi-satış yarmarkası təşkil olunacaq.

Festivala giriş sərbəstdir.

Qeyd edək ki, bu il bölgələrdə müxtəlif məhsul festivalları təşkil olunub.

Belə ki, Samuxda ərik festivalı, Şəmkirdə tərəvəz festivalı, Daşkəsəndə kəndli-fermer festivalı, Kürdəmirdə bostan festivalı, Xaçmazda şaftalı festivalı, Göygöldə moruq festivalı, Şamaxıda üzüm və şərab festivalı, Masallıda çəltik-düyü festivalı, Saatlıda pambıq festivalı, Balakəndə xurma festivalı, Ağdaşda heyva festivalı keçirilib.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır