Modern.az

Bakıda SSRİ bayrağı qaldıranların arxasında vəzifəli şəxslər də dayanır! - ŞOK AÇIQLAMA

Bakıda SSRİ bayrağı qaldıranların arxasında vəzifəli şəxslər də dayanır! - ŞOK AÇIQLAMA

Ölkə

27 Noyabr 2025, 12:36

Bakıda SSRİ bayraqları ilə yürüş etməyə çalışan qrup saxlanılıb. Daxili İşlər Nazirliyi bildirib ki, aksiya təşkilatçıları - Abdulla İbrahimli, İbrahim Əsədli və digər şəxslər barəsində cinayət işi açılıb. Artıq onlardan birinə - Abdulla İbrahimliyə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham elan olunub.

Lakin bu hadisə heç də qıraqdan baxıldığı qədər sadə görünmür. SSRİ bayrağı qaldıranlara xarici mərkəzlərin dəstəyi istisna edilmir. Hətta onların arxasında daxildəki "5-ci kolon"un dayandığı barədə də iddialar var. 

Hadisə ilə bağlı Modern.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da bunu istisna etməyib.

O bildirib ki, bu hərəkətlər dövlət çevirilişinə cəhd kimi dəyərləndirilməli və həmin şəxslər daha sərt şəkildə cəzalandırılmalıdır:

“Burada söhbət sadəcə SSRİ bayrağı qaldrımaqdan getmir. Onların bir saytı var, orada açıq-aşkar müstəqil Azərbaycan dövlətinin əleyhinə, SSRİ-nin, Rusiyanın isə lehinə silsilə verilişlər yayımlayırlar. Uzun müddətdir onları izləyirəm, planlı şəkildə Azərbayca dövlətçiliyinə qarşı Rusiyanın maraqlarına uyğun ciddi siyasət aparırlar. İndi küçəyə çıxmaları İmişlidə bir müddət əvvəl baş verənlərin davamıdır.

İqtidarda kifayət qədər adamlar var ki, onları dəstəkləyir, maliyyələşdirirlər. Siz onların internet televiziya kanalına baxanız, görərsiniz ki, Azərbaycan dövlətinə, müstəqilliyimizə qarşı nə qədər nifrət təbliğ edirlər. Azərbaycanda istənilən zorakılığa çağırmayan ideologiyanı təbliğ etmək qanunidir. Kommunist ideologiyasının əsas tələblərindən biri isə inqilab nəzəriyyəsi və sinfi mübarizədir. 

Azərbaycan Konstitusiyasının 1-ci maddəsində göstərilən - Azərbaycanın müstəqil və demokratik respublika olmasını özündə ehtiva edən müddəalar toxunulmazdır. Bunlar isə Sovet Sosialist Respublikalar İttifaqı uğrunda mübarizə aparırlar. Azərbaycan Konstitusiyasının I hissəsində nəzərdə tutulmuş, hətta referendumla belə dəyişdirilməsi mümkün olmayan müddəalara qarşı çıxış edirlər.

Bunların demokratik Azərbaycanı yıxıb yerində sosialist respublikası qurmaq şüarı faktiki olaraq, Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş dövlət çevrilişi hərəkətlərinə uyğundur.

İkinci bir məsələ SSRİ-nin təbliğ olunmasıdır. SSRİ formal olaraq respublikaların ittifaqı idi, amma əslində Rusiya müstəmləkəçiliyinin başqa bir formasıydı, hətta "xalqlar həbsxanası" adlandırılırdı. Deməli, burada sosializm ikinci dərəcəlidir, əsas məsələ Azərbaycanı yenidən Rusiyanın təsirinə qaytarmaq cəhdləridir. Bu adamların müstəqilliyimizin əleyhinə, sovet hökumətinin tərifinə həsr olunmuş çıxışları, debatları var. Azərbaycandakı indiki sosial-iqtisadi durumdan istifadə edib saatlarla müstəqilliyin əleyhinə, sovetlərin lehinə çıxışlar edirlər. 1937-ci il repressiyaları, 20 Yanvar hadisələri, kollektivləşmə və "mədəni inqilab" zamanı qırılan azərbaycanıların sayı hardasa indiki Azərbaycan əhalisinin sayına bərabərdir. Belə bir qanlı rejimi müdafiə etmək yolverilməzdir.
Onlar çox ağır şəkildə cəzalandırılmalıdırlar. Burada ictimai asayiş pozulmayıb. Ortada Azərbaycan dövlətinin Konstitusiyasının 1-ci bəndindəki müddəaların dəyişdirilməsinə çağırışlar var. Yəni onların hərəkəti dövlət quruluşunun dəyişdirilməsinə çağırış kimi dəyərləndirilməlidir”.

Sərdar Cəlaloğlu keçmiş deputat, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadənin SSRİ bayrağı qaldıran şəxsləri dolayısı ilə müdafiə etməsini də pisləyib:

“Arif Rəhimzadə dəfələrlə Rusiyanı açıq-aşkar müdafiə edib. Türkiyə ilə münasibətləri yenidən qurduğumuz bir vaxtda ruslara müraciət etdi ki, "biz türk deyilik, onlarla əlaqəmiz yoxdur". Arif Rəhimzadə indi də bunları müdafiə edib. Bu da onu göstərir ki, məhz bu addım ruspərəst qüvvələrin hərəkətidir, 3-4 gəncin küçəyə çıxması deyil. Onların “Sosialist” adında internet kanalları var, orada Azərbaycan əleyhinə dediklərinə cavab verməkdən yorulmuşam. Mənim deməyimlə deyil ki, onlar verilişlərini davam etdirirlər, özlərinə xeyli tərəfdaş toplayıblar. Bəzi Azərbaycan vətəndaşları sosial-iqtisadi vəziyyətin təsirindən onlara siyasi cəhətdən qoşulmasalar da, ideyalarını tərifləyirlər. Buna ictimai asayişin pozulması kimi baxmaq, əslində hadisənin məğzini başa düşməməkdir”.

S.Cəlaloğlu baş verən hadisədə Ramiz Mehdiyev izinin olması ilə bağlı isə bunları deyib:

“Mənə elə gəlir ki, Ramiz Mehdiyev o səviyyədə deyil. Tamamilə başqa adamlar Rusiyanın burada maraqlarını müdafiə edir, bunları idarə edirlər. Məgər Rusiyanın Azərbaycandakı tək emissarı Ramiz Mehdiyevdir? Bu dəqiqə hökumət içində Rusiyanın bir neçə ciddi kadrı var. Onların kifayət qədər nüfuzu, dövlət idarəetməsində təsir imkanları mövcuddur. Ramiz Mehdiyev utilizasiya edilmiş adamdır. 

Bu gün onların arxasında duranlar Ramiz Mehdiyev kimi vəzifədən getmiş adamlar deyil. Konkret vəzifəsi olan adamlardır. Ona görə də mən bu məsələyə ilk növbədə siyasi qiymət verilməsinin tərəfdarıyam. Bunun bir neçə gəncin küçəyə çıxıb öz ideyalarını yayması yox, dövlət çevrilişinə çağırış olduğu müəyyənləşməli və hüquq -mühafizə orqanları hadisəyə uyğun müəyyən qərarlar qəbul etməlidir. Rusiyalı deputat Zatulin vaxtilə demişdi ki, biz Azərbaycanda öz ocaqlarımızı oyandırmalıyıq. Bu, həmin ocaqlardan biridir. Zatulinin çağırışına cavabdır.

Düzdür, indi Azərbaycanda bəzi imkanlı adamlar Rusiyanı açıq-aşkar müdafiə edib küçələrə çıxa bilmir, ziyalılardan, gənclərdən istifadə edirlər. Həmin bu bayraq qaldıranlardan gedib soruşsan, sosializm nədir,  bilməzlər, heç sovet hökumətini də görməyiblər. Amma bəh-bəhlə bu ideyanı müdafiə edirlər”.

Sizə yeni x var
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı