Modern.az

Azərbaycanda toyuq əti və yumurta BAHALAŞIB

Azərbaycanda toyuq əti və yumurta BAHALAŞIB

Ölkə

27 Noyabr 2025, 15:05

Azərbaycanda son həftələr quş əti məhsullarının, o cümlədən yumurta və toyuq ətinin qiyməti xeyli artıb.

Belə ki, bazarlarda kənd yumurtası orta hesabla 40-45 qəpik, broyler yumurtası isə təxminən 18-20 qəpiyə təklif olunur. Toyuğun kiloqramı isə 6 manatdan 8 manata qalxıb.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qiymət artımının səbəbini belə izah edib:

Qiymət artımının başlıca səbəbi quş yeminin bahalaşmasıdır. Taxıl, qarğıdalı və soya kimi əsas yem məhsullarının qiyməti həm dünyada, həm də ölkə daxilində yüksəldiyi üçün istehsalçıların maya dəyəri artır. Bununla yanaşı, tələblə təklif arasındakı balans da pozulur. Soyuq aylarda kənd toyuqlarının yumurtlaması azalır, təklif məhdudlaşır və nəticədə bazarda qiymətlər yüksəlir. Ət məhsullarının bahalaşması da insanları daha çox yumurtaya yönəldir və artan tələbat qiymətlərin qalxmasına təsir edir. İstehsalçıların sayının azlığı bazarda sabitlik yaratmır və qiymət tez dəyişir”.

Onun sözlərinə görə, mövsüm amili xüsusilə kənd yumurtasında özünü daha çox göstərir, çünki təbii istehsal prosesi hava şəraitindən və toyuğun yumurtlama tempindən birbaşa asılıdır:

“Fabrik istehsalı olan broyler yumurtası nisbətən stabil olsa da, yem xərclərinin artması onun da qiymətinə təsir göstərir. Gələcək aylarda qiymətlərin necə dəyişəcəyi bir neçə faktordan asılı olacaq. Əgər yem yenidən bahalaşsa, qış və bahar dövründə kənd yumurtasının istehsalı azalsa və tələbat yüksək səviyyədə qalsa, 1 ədəd kənd yumurtasının qiyməti 60-70 qəpiyə qədər qalxa bilər. Əksinə, istehsal genişləndirilsə və yem bazarında sabitlik təmin olunsa, qiymətlər olduğu kimi qala və ya müəyyən qədər enə bilər”.

Yekun olaraq A.Nəsirli vurğulayıb ki, ümumilikdə həm broyler, həm də kənd yumurtası üzrə qiymət artımının kökündə istehsal xərclərinin yüksəlməsi, mövsümi dəyişikliklər və artan tələbat dayanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı