Qış mövsümünə sayılı həftələr qaldığı bir vaxtda kənd təsərrüfatı bazarında tədarükün real durumu və məhsul bolluğu, qiyməti münasibətləri əsas gündəm mövzusuna çevrilir. Havanın dəyişkənliyi, yığım prosesindəki gecikmələr, idxal–ixrac dinamikası və logistika xərcləri bu il bazara təsir edən başlıca faktorlar kimi öne çıxır.
Mövzu ilə bağlı Modern.az-a Milli Məclisin Aqrar siysət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bu məsələlərdə sahibkarlar üzərinə böyük yük düşür:
“Bazar iqtisadiyyatı şəraitində məhsulun tədarükü, necə saxlanılması və bazara çıxarılması daha çox sahibkardan asılıdır. Sahibkar da öz işini dövrün tələblərinə uyğun qurmalıdır ki, gələcəkdə müəyyən dəyər əldə edə bilsin”.
Komitə sədri bildirib ki, son dövrlərdə soyuducuların, anbarların artırılması məhsulun saxlanması, xüsusilə tərəvəz və meyvələrin qorunması üçün imkanlar yaradıb. Təbii ki, qış aylarında məhsulun istifadəsi üçün şəraitin yaradılması çox əhəmiyyətlidir və bu, bazarda qiymətlərin sabit qalmasına kömək edir.
“Bu ilin ilk 10 ayının nəticələri kənd təsərrüfatında göstəricilərin artımını nümayiş etdirir. Həmin dövr ərzində heyvandarlıq məhsulları artıb, taxılçılıq, tərəvəzçilik, bağçılıq sahələrində uğurlar əldə olunub. Bu uğurların davam etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi baxımından çox vacibdir.
Əvvəlcədən demək olmaz ki, hansı məhsul bahalaşacaq və ya hansı məhsulun qiyməti aşağı düşəcək. Bu, həm sahibkardan, həm də məhsulun bolluğundan asılıdır. Amma ilkin nəticələr göstərir ki, əvvəlki illərlə müqayisədə bütün sahələrdə artım müşahidə olunur”.
T. Rzayev vurğulayıb ki, bazarın tələbatını qarşılamaq üçün sahibkarla yanaşı dövlətin müvafiq orqanlarının da üzərinə vəzifələr düşür. Bu da nəzarətin düzgün qurulması, sahibkar üçün məhsulunu bazara çıxarmaq imkanlarının yaradılması və onun hüquqlarının müdafiəsini əhatə edir.
“İdxal-ixrac dinamikası bu il müsbətdir. Bir çox məhsulların, xüsusilə pomidor, xiyar, tərəvəz, quru meyvələr və digər kənd təsərrüfatı məhsullarının xaricə ixracında müsbət nümunələr var.
Bu il kənd təsərrüfatı üçün müəyyən çətinliklər olsa da, ümumilikdə əlverişli il hesab oluna bilər. Taxılçılıqda, heyvandarlıqda və digər sahələrdə əldə edilən artım buna əsas verir. Pambıq yığımı hələ yekunlaşmayıb, amma proqnozlar müsbətdir və güman edirəm ki, bu sahədə də nəticələr yüksək olacaq”.
“İşğaldan azad olunmuş ərazilərdə aparılan tədbirlər, insanlar üçün yaradılan şərait, torpaqların icarəyə verilməsi, yeni təsərrüfat formalarının yaradılması, torpaqların bərpası və əkin dövriyyəsinə qaytarılması aqrar sektorun inkişafı üçün yeni imkanlar yaradır. Bu da gələcək məhsul bolluğu üçün bir zəmanətdir” – deyə komitə sədri sonda bildirib.