Noyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən “Lake Hotel”də elektrik cərəyanı vurması nəticəsində həmin obyektdə çalışan 4 nəfər həyatını itirib.
“Lake Hotel”in icarədarı Ağasif Verdiyev normativ aktların tələblərinə zidd olaraq hotelin ərazisində təsərrüfat işləri həyata keçirib və nəticədə əmək mühafizəsi qaydaları pozulub.
Buna görə də A.Verdiyev şübhəli şəxs qismində saxlanılıb, daha sonra isə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Modern.az xəbər verir ki, hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.
Belə ki, “qafqazinfo”nun məlumatına görə, hadisəyə səbəb isə hotelin pəncərələrinin silinməsi zamanı hündürlüyü 5,75 metr olan təkərli iskələdən istifadə olunması və bu zaman həmin yerdən hündürlüyü 5,53 metr olan 35 kV-luq yüksək gərginlikli hava xətti keçməsinin nəzərə alınmaması olub.
Təkərli iskələ daşınarkən, xəttə toxunub və həmin vaxt orada çalışan 4 nəfəri elektrik vurub.
Hazırkı normalara əsasən, 35 kV-luq hava xətti ən azı yerdən 7 metr hündürlükdə aparılmalıdır.
Məsələnin maraqlı tərəfi isə odur ki, həmin 35 kV-luq hava xətti 2009-cu ildə Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda barəsində cinayət işi qaldırılmış Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya məxsus Novxanı qəsəbəsində yerləşən kənd təsərrüfatı sahəsi üçün çəkilib.
Qalina Mehdiyevanın adına olan həmin 102 hektarlıq torpaq sahəsinin 60 sotunda icarə əsasında Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevə məxsus “Friland Vineyards” şərab zavodu yerləşib.
O da bəlli olub ki, 2016-cı ildə Mehdiyeva Aytac Telman qızının adına şərab istehsal edən “Mərəndə” MMC təsis edib, 2017-ci ildə isə “Friland Vineyards” həmin müəssisəni alıb. 2022-ci ildə “Mərəndə” MMC-nin təsisçisi dəyişdirilsə də, faktiki olaraq həmin hüquqi şəxs və şərab zavodu Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsusdur.
Hazırda da qeyd olunan şərab zavodu, onun yerləşdiyi torpaq sahəsi və üzüm bağları həmin 35 kV-luq hava xəttindən qidalanır.
Göründüyü kimi, sabiq PA rəhbəri və onun yaxınları böyük biznesə sahiblik edirlər və istər bu biznesin yaradılmasında, istərsə də onun fəaliyyətinin təmin edilməsində qanun pozuntularına yol verilib. Bu pozuntular sonda 4 nəfərin həyatını itirməsinə səbəb olub.
Məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.