Modern.az

Quraqlıq sığortası fermerləri xilas edə biləcək?

Quraqlıq sığortası fermerləri xilas edə biləcək?

Ölkə

28 Noyabr 2025, 16:09

Azərbaycanda quraqlıq hadisəsinin aqrar sığorta mexanizminə daxil edilməsi planlaşdırılır. Bu barədə Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli ötən gün açıqlama verib.

Qurum rəsmisi bildirib ki, qarşıdakı əsas hədəflərdən biri quraqlığın sığorta təminatına alınmasıdır. Onun sözlərinə görə, quraqlıq ölkə üzrə ən böyük risklərdən biridir və bu riskin aqrar sığorta mexanizminə inteqrasiyası üzərində uzun müddətdir iş aparılır.

Mövzu ilə bağlı Modern.az-a danışan parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Azərbaycanda aqrar sığortanın inkişaf etdirilməsi istiqamətində son illər mühüm tədbirlər həyata keçirilib.

“Məhz bunun nəticəsində kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının, eləcə də kənd təsərrüfatı heyvanları və təsərrüfat məqsədi ilə yetişdirilən digər heyvanların sığortası üzrə bağlanan müqavilələrin sayı əhəmiyyətli dərəcədə artıb.

Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə bu il bağlanmış müqavilələrin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım qeydə alınıb. Bu isə çox yaxşı göstəricidir. Ümumilikdə, sığorta olunan bitkilərin sayı artıq 14 növdən 42 növədək yüksəlib”.

Komitə sədri vurğulayıb ki, sığorta haqlarının ödənilməsində də irəliləyiş müşahidə olunur:

“Əgər əvvəlki illərdə bu rəqəm 10-11 milyon manat səviyyəsində idisə, artıq təqribən 15 milyon manata qədər vəsait sığorta ödənişi kimi sahibkarlara təqdim edilib. Təbii ki, sığorta olunan bitkilərin və təsərrüfatların sayının artması bununla bağlıdır və hesab edirəm ki, bu sığorta növləri gələcəkdə də genişləndirilməlidir.

Çünki iqlim dəyişiklikləri, təbii fəlakətlər, zərərvericilərin və xəstəliklərin yayılması ölkənin kənd təsərrüfatına müəyyən ziyan vurur. Bu isə sahibkarların maddi vəziyyətinin pisləşməsinə, məhsuldarlığın azalmasına və gəlirlərin aşağı düşməsinə səbəb olur”.

Deputat onu da əlavə edib ki, quraqlıq sığortasının tətbiqi ilə bağlı da müəyyən təkliflər irəli sürülüb və bu məsələ üzrə aidiyyəti qurumlar hələ yekun qərar qəbul etməsələr də, müsbət yanaşma formalaşmaqdadır:

“Əlbəttə ki, sığortanın tətbiqi sahibkarların xeyrinədir və artıq bu, geniş şəkildə dərk olunur. Son illərdə sığortalanma faizinin artması da bunu təsdiq edir. Sığorta mexanizminin təkmilləşdirilməsi bu gün zərurətə çevrilib. Çünki dünyada baş verən hadisələr, xüsusilə iqlim dəyişikliyi bir çox hallarda gözlənilməz nəticələrə səbəb ola bilir və bu, kənd təsərrüfatından da yan keçmir.

Buna görə də hər bir sahibkar öz təsərrüfatını sığortaya cəlb etməyin vacibliyini anlamalıdır. Bir çoxları elə zənn edirlər ki, təbii fəlakət və ya xəstəlik nəticəsində dəyən ziyanı mütləq dövlət ödəməlidir. Lakin insanlar bilməlidirlər ki, ilk növbədə onlar özləri sığortalanmalıdırlar. Müvafiq aqrar sığorta agentlikləri ilə əlaqələr sıx olmalı və yalnız bu halda dəymiş ziyanın tam ödənilməsi mümkün ola bilər”.

T.Rzayev həmçinin qeyd edib ki, bəzi təbii fəlakətlər və xəstəliklər zamanı dövlət müəyyən kompensasiyalar təqdim etsə də, bu mexanizm bütün sahibkarlara şamil oluna bilməz. Buna görə də Aqrar Sığorta Fondunun həyata keçirdiyi tədbirlər və təlimatlar geniş şəkildə izah edilməli, fermerlər və sahibkarlar öz təsərrüfatlarını sığortaya cəlb etməyə təşviq olunmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK OLAYLAR! Ukraynada ara qarışdı - Zelenskinin adamı "vuruldu"