"Ramiz Mehdiyev işi" ilə bağlı istintaq prosesi sürətlənib. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini məsuliyyətə cəlb olunub.
Məhz bu hadisə ölkə gündəmini zəbt edib və yeni müzakirələrə yol açıb. Belə ki, Ramiz Mehdiyevin müxalifət ayağında olduğu kimi, digər sahələrdə də araşdırmaların başladılması istisna edilmir.
Modern.az-a açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, “Mehdiyev işi” ilə bağlı istintaqın sahəsi genişlənə bilər:
“Ramiz Mehdiyevin yaratmaq istədiyi Şuranın 50 nəfər üzvünün olmasından söhbət gedirdi. Hazırki məqamda belə anlaşılır ki, 50 nəfərdən ortaqlıqda olan hələ 2-3 nəfər var. O adamlar müxtəlif kateqoryiadan da ola bilərlər. Siyasətlə məşğul olanlar, iqtisadçılar, ekspertlər və sair ola bilər. Kimsə hakimiyyət yaratmaq istəyirsə, mütləq mütəxəssisələri cəlb etməlidir. Mütəxəssislər də müxtəlif sahələr üzrə olur. Ona görə istintaq tərəfindən müxtəlif sahələrdə əməliyyatların keçirilməsi mümkündür”.
İlham İsmayıl vurğulayıb ki, vaxtilə məmur olanların və xidmət etmişlərin içərisində bu istiqamətdə dindirilənlərin olacağını düşünür:
“Yenilərin arasından kimlərinsə buna görə dindirilənlərin olacağını gözləmirəm. İlkin elementlər də göstərir ki, vaxtilə məmur olanları cəlb edib, pul ödətdiriblər”.
Xatırladaq ki, Ramiz Mehdiyev "Dövlətə xəyanət", "hakimiyyəti zorla ələ keçirmək" kimi ciddi maddələrlə ittiham olunur.