Modern.az

Bu şəxslər üçün xüsusi sığınacaq yaradılsın -  TƏKLİF

Bu şəxslər üçün xüsusi sığınacaq yaradılsın -  TƏKLİF

Ölkə

1 Dekabr 2025, 15:51

1988-ci ildən etibarən hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionlarında İnsanın İmmunçatışmazlığı Virusunun (İİV infeksiyası) və QİÇS-in yayılması ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. Bir çox ölkələrdə QİÇS-lə mübarizə həm də qanunvericiliyin təkminləşməsi ilə tənzimlənir.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, Azərbaycanda İİV virusu ilə mübarizə istiqamətində həm qanunvericilik bazası zəngindir, həm də dövlətin bu sahədə icraedici orqanı bu fəaliyyəti uğurla icra edir. Nəticədə, ölkəmiz virus yükü az olan ölkələr sırasındadır. 

“Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu təşkilata üzv olan Səhiyyə nazirlərinin görüşləri keçirilmiş, vərəm, malariya, İİV/QİÇS kimi xəstəliklər barədə də müzakirə aparılmışdır. Həmçinin UNAİDS təşkilatının icraçı direktoru iki dəfə Prezident İlham Əliyevlə görüşmüşdür. Azərbaycan bu problemlə bağlı da Qlobal Cənub ölkələrinə öz töhfəsini verib”.

Deputat bildirib ki, ölkəmizdə İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında qanun 2010-cu ildə qəbul olunub. 

“Qanunumuz humanist ruhda tərtib olunub, tarazlı şəkildə hüquqlar qorunur. Hansı risk qruplarına aid olmağından asılı olmayaraq, hər kəs üçün prinsiplər eynidir. Bu şəxslərin təhsil almaq, ailə həyatı qurmaq, işləmək kimi fundamental hüquqları qanun çərçivəsində təmin olunur. 

Dövlət tibb müəssisələrində tibbi xidmət və dərmanlar İİV-lə yaşayan insanlar üçün pulsuz təmin edilir. Eyni zamanda konfidensiallıq tam olaraq qorunur”. 

“İİV-lə mübarizə təkcə profilaktik və müalicənin əlçatan olması deyil, beyinlərdəki stiqma və diskriminasiya ilə də mübarizə aparmaqdır. Cəmiyyətin maariflənməsi çox vacibdir. Bu işdə qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. İİV-lə mübarizədə bütün ölkəni əhatə edən zərərin azaldılması proqramı dövlət qurumu ilə birgə QHT-lər tərəfindən uzun illərdir ki, uğurla icra olunur.

Qanuna əsasən, dövlət və ictimai televiziya və radio yayımçıları İİV infeksiyasının profilaktikası barədə maarifləndirici proqramların, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayırmalı və həmin proqramların daha əlverişli vaxtda yayımını təmin etməlidir. Sosial reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yayımlanır. Dövrün tələblərinə uyğunlaşdırılan metodlar da, streaming platformaları, sosial şəbəkələrdən, mobil tətbiqlərdən istifadə olunur” – deyə deputat bildirib.

Qanunumuz İİV xəstələrinin hüquqlarını qorumaqla yanaşı, bu şəxslər də cəmiyyət qarşısında öz vəzifələrini yerinə yetirməlisən. Cəmiyyət səni qoruyursa, sən də cəmiyyəti qorumalısan, ictimai sağlamlığı qorumaq üçün addımları atmalısan. 

“Belə ki, partnyor məlumatlandırılmalıdır. Qanun burada heç bir güzəştə getmir. Bilərək məlumatlandırmamaq, qorunmamaq cinayət məsuliyyəti yaradır. Dövlət deyir ki, mən sənin hüquqlarını qoruyuram sən də cəmiyyəti qorumalısan. Bu, ən kəskin müdafiə həddidir”. 

P. Vəliyeva bildirib ki, hazırda İİV virusunu aşkar etmək üçün özünü test üsullarından, ekspres sürətli testlərdən də istifadə olunur. Bunun qanunvericilikdə də öz əksini tapması məqsədəuyğun olardı. 

“Testləşmə nə qədər çox olarsa, aşkarlanma bir o qədər artar və vaxtında aşkarlanma da gələcəkdə potensial müalicə xərclərinin azalması deməkdir. Bu, səhiyyə xərclərinin də azalmasna xidmət edir. 

Bu sahədə çalışan tibb işçilərinin işlədikləri çətin və həssas əhali qrupu nəzərə alaraq sosial müdafiəsinin gücləndirilməsi də faydalı olardı. Bu sahədə də artıq təkliflər var. 

İİV-li şəxslər həssas qrupdan olan şəxslər olduqları üçün onlar arasında evsizlərin sayı az deyil. Lakin dövlət-əsaslı sığınacaqlara bu şəxsləri statusuna görə yerləşdirmək mümkün deyil. Ona görə də, bu şəxslər üçün də müvafiq infeksiyaya nəzarət tədbirləri nəzərə alınaraq sığınacaqların fəaliyyət göstərməsi faydalı olardı”. 
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyev işinə görə HƏBSLƏR BAŞLADI - Əvvəlcə Kərimli, sonra da...