Modern.az

Yasamaldakı yanğın baş verən binada bərpa işlərinə başlanılıb

Yasamaldakı yanğın baş verən binada bərpa işlərinə başlanılıb

Ölkə

1 Dekabr 2025, 16:17

"Bina sakinlərinin binaya giriş-çıxışında hər hansı problem yoxdur. Su, qaz, işıq verilişi dayandırılıb, lift işləmir".

Bu barədə Modern.az-a bir müddət öncə güclü yanğının baş verdiyi Yasamaldakı çoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzə məlumat verib.

O bildirib ki, bina hazırda yararsız vəziyyətdə olaraq qalsa da, lakin dünən və bu gün səhər saatlarından etibarən bərpa işlərinə başlanılıb:

“Bundan əvvəl də əməkdaşlar ekspertiza aparılması, smeta və xərclərin hesablanması məqsədilə işlər görürdülər. Bərpa işlərinə vaxtında başlanması, ilk növbədə hüquq-mühafizə orqanlarının dəstəyi ilə prosesin sürətlənməsi sakinlərin narahatlığının tez bir zamanda aradan qalxmasına kömək edir. Çünki gün ərzində hadisə ilə bağlı insanlar binanın qarşısında toplaşır, danışırlar. Hər bir polis rəisi və sahə müvəkkili də istəyir ki, vətəndaşlar tez bir zamanda mənzillərinə qayıda bilsinlər. Buna görə də aidiyyəti qurumlar sağ olsunlar, prosesi maksimum dərəcədə sürətləndirirlər”.

H.Mirzə, həmçinin vurğulayıb ki, bərpa işlərini icra edəcək şirkətin seçilməsi, sertifikatlaşdırılması və sənədləşmənin düzgün aparılması diqqətdə saxlanılır:

“Dünən rayon icra hakimiyyətinin nümayəndələri də əraziyə gəlib, inzibati-məişət məsələlərinə köməklik göstəriblər. Bildirdilər ki, sabahdan etibarən işıq verilişi bərpa olunacaq. Həmçinin çalışılacaq ki, lift də tez bir zamanda işə salınsın ki, ümumi bərpa prosesi daha sürətli həyata keçirilsin”, - deyə o, söyləyib.

Xatırladaq ki, noyabrın 21-də baş verən yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı vəfat edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev işinə görə HƏBSLƏR BAŞLADI - Əvvəlcə Kərimli, sonra da...