Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından 1 il ötür.
Modern.az xəbər verir ki, qəzanın baş verməsinin ildönümü ilə əlaqədar olaraq Aktauya səfər planlaşdırılıb.
Bu barədə saytımıza açıqlamasında qəzada həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlil Alıyev məlumat verib.
Onun sözlərinə görə, ailədən yalnız onun həyat yoldaşı və oğlu həmin səfərdə iştirak edəcəklər:
“Mən getməyəcəm, həyat yoldaşım və oğlum gedəcək. Səfər dekabrın 19-da planlaşdırılıb. Biletlər alınıb. Aktau şəhərində abidə tikiblər, ona görə də dekabrın 19-da ora gedəcəklər. Ardınca dekabrın 25-də İqor Kşnyakinin, dekabrın 29-da isə qızımın vəfatının ildönümü mərasimi keçiriləcək”, - deyə Cəlil Alıyev bildirib.
Xatırladaq ki, faciə 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya hava məkanında texniki və xarici fiziki müdaxilə nəticəsində qəzaya uğramış, göyərtədə olan 67 nəfərdən 38-i həlak olmuş, 29 nəfər isə sağ qalmışdı.