Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti içməli suyun mənbələrdən götürülərək Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naxçıvan şəhərləri üzrə emal olunması, anbarlara ötürülməsi, toplanması və əhaliyə paylanması xidmətlərini təşkil edir. Bununla yanaşı tullantı və yağış sularının idarə olunması işləri də Xidmətin fəaliyyət sferasına daxildir.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, ölkəmizin şirin su ehtiyatlarının böyük hissəsi transsərhəd çaylarının payına düşür. Taxtakörpü Su Anbarına toplanan su Ceyranbatan gölünə ötürülərək Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində, Kür çayından götürülən su isə Kür Sutəmizləyici Qurğular komplekslərində emal olunaraq əhaliyə çatdırılır. O cümlədən, Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksi, İkinci Bakı Su Kəməri və Oğuz-Qəbələ-Bakı Su Kəməri vasitəsilə Bakı və Abşeron yarımadasının əhalisinə təmiz, şəffaf içməli su ötürülür.
Göygöl yaxınlığında mövcud olan bulaqlardan, Gəncəçayın məcrasında olan Qızılqaya su mənbəyindən və Şəmkirçay sutəmizləyici qurğusundan Gəncə şəhərinin, mənbə olaraq Mingəçevir su anbarından qidalanan Mingəçevir sutəmizləyici qurğusundan Mingəçevir şəhərinin, həmçinin ətraf ərazilərin əhalisi içməli su ilə təmin edilir.
Bundan başqa Kür Sutəmizləyici Qurğular Kompleksində təmizlənərək ötürülən su Şirvan-Muğan Qrup Su Kəməri vasitəsilə Şirvan şəhərinin içməli su təchizatını həyata keçirir.
Qurumdan verilən məlumata görə, Naxçıvan şəhərinin su mənbəyi isə Heydər Əliyev Su Anbarından qidalanan 8 ədəd qoldan - drenaj borulardan ibarət xətlərdən və 52 sutoplayıcı quyulardan ibarətdir. Bu quyularda yığılan su Sutəmizləyici Qurğular Kompleksinə ötürülür. Kompleks Naxçıvan şəhərində əhalini fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin edir.
Elə ərazilər də var ki, orada mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil və ya mövcud olan xətlər sakinlərin illər əvvəl primitiv üsulla çəkdikləri xətlərdir.
Primitiv üsulla zamanında su xətti çəkən vətəndaşlar Xidmətin mövcud anbarlarından gələn su ilə təmin edilirlər. Bu səbəblə də onlar su sərfiyyatına görə ödənişlərini edirlər. Lakin onların su təchizatı tam standartlara uyğun formada həyata keçirilə bilmir, çünki normativ qaydalara əsasən hər bir vətəndaşın ünvanına gələn su xətti 32 mm diametrli olmalıdır və bu yalnız 1 abonentin su təchizatını qarşılamalıdır. İndiki vəziyyətdə isə bu ölçüdən kiçik diametrli borulara bir yox bir neçə sakinin qoşulması halı mövcuddur. Məhz qeyri-qanuni qoşulmalar səbəbindən həmin ərazilərin su təminatında çətinliklər yaranır. Buna baxmayaraq, sukanal idarələri həmin ərazilərə də xidmət göstərir.
Mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Sözügedən ərazidə mərkəzləşmiş içməli su şəbəkəsinin inşası Agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Qeyd edilib ki, içməli su və kanalizasiya təchizatına qoşulma ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bu qaydalara əsasən hər bir vətəndaş mütləq formada evin çıxarışı ilə müraciət etməlidir və su şəbəkəsi evin 30 metr məsafəsində yerləşməlidir. Bu halda vətəndaşlar texniki şərt alaraq su ilə təchiz oluna bilərlər. Mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud olan ərazilərdə su təchizatına qoşulmaq istəyən vətəndaş tələb olunan sənədlərlə ASAN xidmət, ASAN kommunal mərkəzlərinə, KOB evlərinə və ya “e-su” portalına müraciət edə bilər. Sənədlər yoxlanıldıqdan sonra vətəndaşa 30 iş gün ərzində rəsmi cavab verilir.