Modern.az

Azərbaycanda hansı maşınlar yığılır?

Azərbaycanda hansı maşınlar yığılır?

Ölkə

2 Dekabr 2025, 17:05

Ölkədə fəaliyyət göstərən avtomobil zavodlarının sayı artmaqla yanaşı, istehsal coğrafiyası da genişlənməkdə davam edir. Neftçala, Gəncə və Naxçıvanda yerləşən müəssisələr yerli bazarın tələbatını ödəməyə çalışsa da, yeni tikilən Hacıqabul zavodu artıq daha böyük hədəflərlə gündəmə gəlir. İstehsal olunan nəqliyyat vasitələrinin əsasən hansı bazarlara yönəldiyi, sektorda aparılan işlərin hazırkı vəziyyəti və görülən tədbirlərin hansı mərhələdə olması isə ictimaiyyətin maraq dairəsində olan məsələlərdəndir.

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, yerli bazarda illər öncə Naxçıvan Avtomobil Zavodu istehsal fəaliyyətinə başlasa da, Gəncədə də bir sıra yığım işləri həyata keçirilirdi. Onun sözlərinə görə, son illərdə isə Hacıqabul və Neftçala sənaye zonalarında avtomobil yığımı proseslərinin genişlənməsi müşahidə olunur.

“Bu, ölkəmiz üçün həm iqtisadi, həm də yerli tələbatın ödənilməsi baxımından çox vacibdir. Xüsusilə də əlçatan, münasib qiymətli avtomobillərin bazara çıxarılması baxımından yerli istehsalın önəmi böyükdür”,- deyə o, söyləyib.

İcraçı direktor, həmçinin vurğulayıb ki, son dövrlərdə paralel idxal vasitəsilə ölkəyə gələn daha innovativ avtomobillər fonunda yerli istehsalda müəyyən durğunluq görünsə də, bu, daimi olmayacaq:

“Qarşıdakı illərdə daha müasir, həm interyer, həm də eksteryer baxımından yüksək təchizata malik avtomobillərin istehsalı davam etdiriləcək. Əvvəlki illərdə daha çox ekonomik seqmentə yönəlmiş modellər istehsal olunurdusa, gələcəkdə innovativ və müasir dizayna malik avtomobillərin payının artacağı gözlənilir”.

E.Əliyev onu da əlavə edib ki, bu avtomobillərin xarici bazara çıxarılmasını hədəfləmək hələlik real görünməsə də, yerli tələbatın ödənilməsi üçün yerli yığım ən optimal üsullardan biridir:

“Hazırda ölkəmizə xaricdən əsasən Çin istehsalı və Özbəkistanla bağlanmış müqavilələr əsasında gətirilən avtomobillər cəlb olunması həyata keçirilir. Lakin yaxın illərdə “Azərmaş” şirkətinin bu istiqamətdə daha geniş və mükəmməl addımlar atacağı, daha innovativ və əlçatan avtomobilləri bazara çıxaracağı gözlənilir”,- deyə o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?