Ötən gün Nazirlər Kabineti Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, İdarə “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun
bölmələrinin adları”ndan çıxarılıb.
Sözügedən qərar İdarənin ləğv edildiyi barədə şərhlərə səbəb olub.
Modern.az məsələni aydınlaşdırmaq üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Saytımızın sorğusunu qurumun mətbuat katibi Ayxan Hacızadə cavablandırıb.
O qeyd edib ki, təsdiq edilmiş struktura əsasən, XİN-in Naxçıvan Muxtar Respublikasında idarəsi Nazirliyin Aparatına daxil edilib:
"Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 5 may 2025-ci il tarixli 383 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında yeni Əsasnamə və XİN-in yeni strukturu təsdiq olunub.
Təsdiq edilmiş struktura əsasən, XİN-in Naxçıvan Muxtar Respublikasında idarəsi Nazirliyin Aparatına daxil edilib.
Beləliklə, XİN-in Naxçıvan Muxtar Respublikasında İdarəsi ləğv edilməyib, sadəcə digər idarələr kimi Nazirliyin Aparatının struktur bölməsi kimi müəyən edilib".