Cənubi Qafqazda sülh gündəliyinin irəliləməsi, Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin başlaması və 8 avqustda imzalanan Vaşinqton Bəyannaməsi Zəngəzur dəhlizi üzrə prosesləri ciddi şəkildə sürətləndirib.
Artıq həm siyasi, həm texniki müstəvidə real addımlar atılır. Bu gün həm Naxçıvanda, həm də işğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunun genişmiqyaslı bərpası aparılır.
Salamməlik - 80 illik tarixə malik strateji qapı
Bu gün rəsmi məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin yenidən qurulması üzrə layihələndirmə başa çatıb və ilk tikinti işləri Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində başlayıb.
1941-ci ildə istifadəyə verilmiş Salamməlik stansiyası Naxçıvanın daxili nəqliyyat nöqtələrindən biri olub. Bu stansiya onilliklər boyunca Naxçıvanın Azərbaycanla birləşdiyi əsas dəhliz kimi fəaliyyət göstərib, Bakıdan gələn qatarlara burada “ilk dayanacaq” yazılırdı.
Bu marşrut həm də Naxçıvandan Zəngəzura keçid xətti hesab edilirdi. Salamməlikdən Ağbəndə qədər olan tarixi dəmir yolu xətti 54 kilometr təşkil edir və bu xətt boyunca Zərəni, Kərçivan, Mehri, Astazur və Nüvədi stansiyaları yerləşirdi.
Bu gün ADY Naxçıvan daxilində xəttin yenilənməsi üçün 188 kilometrlik genişmiqyaslı layihəni icra edir. Tikinti işləri başa çatdıqdan sonra yolun illik yükötürmə qabiliyyətinin 15 milyon tona çatacağı bildirilir.

TRIPP - siyasi razılaşmadan real marşruta
8 avqust 2025-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı Birgə Bəyannamə prosesin dönüş nöqtəsi oldu. Ermənistan sənəddə TRIPP marşrutunun (Zəngəzur dəhlizi) həyata keçirilməsi üçün ABŞ və üçüncü tərəflərlə əməkdaşlığı öhdəsinə götürdü.
Bu gündən sonra regionda diplomatik fəallıq artdı. ABŞ rəsmiləri ardıcıl şəkildə Bakıya və İrəvana səfərlər edir, texniki detallar, xüsusilə də marşrutun dəqiq xəttinin müəyyənləşdirilməsi müzakirə olunur.
Zəngəzur dəhlizinin Azərbaycan hissəsində tikinti: 68% tamamlanıb
Azərbaycan tərəfi Zəngəzur dəhlizinin öz seqmentində işləri sürətlə davam etdirir. Horadiz–Ağbənd dəmir yolunda görülən işlər üç mərhələyə bölünüb və artıq ciddi nəticələr var.
Belə ki, Birinci mərhələ Horadiz–Yuxarı Mərcanlı–Şükürbəyli–Soltanlı xətti üzrə işlərin əksəriyyəti tamamlanıb. Bu yol vasitəsilə Araz İqtisadi Sənaye Parkına yük daşımaları həyata keçirilir.
İkinci mərhələdə Soltanlı–Qumlaq–Həkəri–Minçivan stansiyalarını birləşdirən hissədə torpaq işləri, mühəndis qurğularının tikintisi davam edir. Burada Azərbaycanın ən uzun dəmir yolu körpüsü inşa edilib, uzunluğu 771 metrdir, 23 aşırımlı, strateji mühəndis qurğusu kimi dəyərləndirilir.
Üçüncü mərhələdə tunellər və qoruyucu qalereyalar inşa olunur. Tunellərin 71%-i tamamlanıb. 99-cu kilometrdə yerləşən 108 metrlik mühafizə qalereyası dağ süxurları səbəbindən xüsusi təhlükəsizlik məqsədi daşıyır.
Ümumilikdə Horadiz–Ağbənd dəmir yolunun 68%-i icra olunub. 66 kilometrlik hissədə yolüstü konstruksiyalar quraşdırılıb və tikinti plan üzrə davam edir. Layihənin Azərbaycanın öz ərazisində 2026-cı ildə tamamlanacağı gözlənilir.

Ermənistan da işlərə başlayır
Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan tərəfi TRIPP marşrutu üzrə tikinti işlərini gələn ilin ortalarından etibarən başlamağa hazırlaşır. Bu açıqlama bölgədə yaranmış yeni siyasi dinamikanın real infrastruktura çevrilməsi baxımından mühüm siqnaldır.
Tarixən Naxçıvan–Zəngəzur xəttinin əsas qapılarından biri olan Salamməlik stansiyasının yenidən canlanması bir zamanlar yarımçıq qalmış dəmir yolu tarixinin bərpası deməkdir. Bu yolun bərpası həm Naxçıvanın blokadadan çıxması, həm də Avrasiya nəqliyyat dəhlizlərinin yeni xəritəsinin çəkilməsi anlamına gəlir.
Azərbaycanın cənub-qərb sərhədlərində, bir vaxtlar müharibə nəticəsində dağıdılmış ərazilərdə bu gün tunellər, körpülər, magistrallar və müasir stansiyalar yüksəlir. Bu layihələr həm geosiyasi, həm iqtisadi, həm də tarixi baxımdan yeni dövrün başlanğıcıdır.
Bütün layihələr tamamlandıqdan sonra Azərbaycan uzun illərin həsrətinə son qoyacaq, Bakıdan Naxçıvana birbaşa qatar xətti bərpa olunacaq. Bu marşrut Naxçıvanın iqtisadi blokadasını aradan qaldıracaq, regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək, Orta Dəhlizin və Şimal–Cənub xəttinin əsas halqalarından biri olacaq, Azərbaycanın logistika imkanlarını kəskin şəkildə artıracaq.
Ehtimal etmək olar ki, yaxın iki-üş ildə “Bakı–Naxçıvan qatarı” elanını yenidən eşidəcəyik…
Elnur Əmirov
