Modern.az

Menstruasiya dövründə təbii qorunma necə olmalıdır?

Menstruasiya dövründə təbii qorunma necə olmalıdır?

Ölkə

6 Dekabr 2025, 16:38

Son illərdə qadınlar arasında dərmansız və tibbi müdaxiləsiz qorunma üsullarına maraq artmaqdadır. Bu üsulların ən qədimlərindən və ən çox müzakirə olunanlarından biri menstruasiya dövrünə əsaslanan təbii qorunmadır. 

Modern.az xatırladır ki, beynəlxalq tibbi ədəbiyyatda bu yanaşma əsasən “fertility awareness-based methods” yəni mayalanma qabiliyyətinin müşahidəsinə əsaslanan üsullar adı ilə tanınır.

Lakin bu metodun sadə görünməsi onun eyni zamanda təhlükəsiz və səhvsiz olduğu anlamına gəlmir. Əksinə, səhv başa düşüldükdə planlaşdırılmamış hamiləlik riskini ciddi şəkildə artırır.

Menstruasiya dövrü: orqanizmdə nə baş verir?

Menstruasiya dövrü qadın orqanizmində hormonların təsiri ilə baş verən tsiklik (dövrü) dəyişikliklər toplusudur. Dövrün başlanğıcı aybaşı qanaxmasının ilk günüdür və növbəti aybaşıya qədər davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, normal menstrual dövr 21-35 gün arasında dəyişə bilərş Ən çox rast gəlinən orta göstərici 28 gündür. Bu dövr ərzində orqanizm potensial hamiləlik üçün uşaqlığı hazırlayır.

Hamiləliyin mərkəzi nöqtəsi ovulyasiya nədir?

Ovulyasiya hormonal siqnalların təsiri ilə yumurtalıqlardan birinin mayalanmaya hazır yumurta hüceyrəsini uşaqlıq borusuna buraxması prosesidir. Hamiləlik yalnız bu proses baş verdikdə mümkün olur.

Bu nöqtədə iki əsas bioloji fakt xüsusi əhəmiyyət daşıyır:

1.    Yumurta hüceyrəsi ovulyasiyadan sonra cəmi 12–24 saat canlı qalır

2.    Sperma hüceyrələri qadın orqanizmində 3–5 gün yaşaya bilir

Amerika Mama-Ginekoloqlar Kollecinin (ACOG) izahına görə, risk təkcə ovulyasiya günü ilə məhdudlaşmır. Ovulyasiyadan bir neçə gün əvvəl baş verən cinsi əlaqə də hamiləliklə nəticələnə bilər.

Qadının hamilə qalma ehtimalının ən yüksək olduğu günlər:

Ovulyasiyadan əvvəlki 4–5 gün
Ovulyasiya günü

28 günlük müntəzəm dövr üçün bu zaman kəsiyi adətən 10-cu gündən 15-ci günə qədər olan aralığa düşür

Sperma hüceyrələri bir neçə gün canlı qala bildiyinə görə, ovulyasiya baş verən anda artıq uşaqlıq borusunda yerləşmiş ola bilər. Yumurta buraxılan kimi mayalanma baş verir.

Hamilə qalma ehtimalının ən az olduğu dövrlər:

Menstruasiyanın ilk 5-7 günü
Ovulyasiyadan sonrakı 5-7 gün
Bu mərhələlərdə ya yumurta hələ yetişməyib, ya da artıq bioloji baxımdan fəaliyyətini itirib
Lakin NHS və ÜST xüsusi vurğulayır ki bu dövrlər “təhlükəsiz” deyil, sadəcə “nisbətən az riskli"dir.

“Təbii qorunma” nə zaman uğursuz olur?

Bu metodun əsas zəif nöqtəsi menstruasiya dövrünün dəyişkənliyidir.

Ovulyasiya aşağıdakı amillər səbəbilə yerini dəyişə bilər:

Stress və psixoloji gərginlik
Hormonal pozğunluqlar
İqlim və saat qurşağı dəyişiklikləri
Çəkinin sürətlə azalması və ya artması
Xəstəliklər və hormonal preparatlar

ÜST-nin statistik hesablamalarına görə təbii dövrə əsaslanan qorunmada tipik istifadə zamanı effektivlik təxminən 75% təşkil edir. Bu isə o deməkdir ki, hər 100 qadından təxminən 25-i bir il ərzində istəmədiyi halda hamilə qala bilər

Kimlər üçün risklidir?

Menstruasiya dövrünə əsaslanan təbii qorunma daha çox dövrü çox stabil olan, orqanizmini uzun müddət müşahidə etmiş, hamiləlik ehtimalını tamamilə istisna etməyən qadınlar üçün münasib sayılır

Lakin planlaşdırılmamış hamiləlikdən qorunmaq əsas məqsəddirsə, mütəxəssislər bu üsulu təkbaşına kifayətli hesab etmirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı